450 şirkət, 31 ölkə, 1 məkan – Aqrar gələcək Bakıda sərgilənir

450 şirkət, 31 ölkə, 1 məkan – Aqrar gələcək Bakıda sərgilənir
Foto
İqtisadiyyat 94

"InterFood Azerbaijan" və "Caspian Agro" sərgilərində süni intellekt və innovasiyalar ön planda

Mayın 13-də Bakı Ekspo Mərkəzində start götürən "InterFood Azerbaijan" və "Caspian Agro" sərgiləri bu il də kənd təsərrüfatı və qida sənayesinin innovativ imkanlarını bir araya gətirib.

BAKU.WS-in məlumatına görə, 31 ölkədən 450-yə yaxın şirkətin qatıldığı sərgilər 4 gün davam edəcək.

30 illik yubileyini qeyd edən "InterFood Azerbaijan" və 18-ci dəfə keçirilən "Caspian Agro" sərgiləri dünyanın müxtəlif ölkələrindən – o cümlədən ABŞ, Çin, Almaniya, İtaliya, Cənubi Koreya, Belarus və Misirdən olan aparıcı şirkətləri bir araya toplayıb. Bu il Misir ilk dəfə olaraq sərgidə milli qrup formatında təmsil olunur.

Sərgidə süni intellektə əsaslanan kənd təsərrüfatı texnologiyaları xüsusi maraq doğurur. Cənubi Koreya şirkətləri meyvə emalı, bağçılıq avadanlıqları və süni intellektlə idarə olunan heyvandarlıq sistemlərini təqdim edirlər. Kənd Təsərrüfatı Nazirliyi də süni intellektin aqrar sahədə tətbiqi ilə bağlı bir neçə layihəni sərgi çərçivəsində təqdim edir.

"Smart Agro", pilotsuz uçuş aparatları, robototexnika və "green agro" texnologiyalarını əhatə edən ekspozisiyalar isə ziyarətçilər arasında böyük marağa səbəb olub.

Eyni zamanda, "Made in Azerbaijan" brendi altında yerli şirkətlər öz məhsullarını təqdim edərək ixrac imkanlarını genişləndirməkdə maraqlıdırlar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də bu təşəbbüslərə dəstək verir. Sərgilər 16 may tarixində başa çatacaq.

Orxan Hüseyn

Son xəbərlər