SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

"Bizim hosteli şikayət edən qonşu bütün qonşularla məhkəmədədir. Həmin qonşu polisə yalan məlumat verib. Polisdə gəlib hosteli bağlayıb. 3 aydır ki, biz fəaliyyət göstərirdik, ancaq şikayətdən sonra 6 gündürki fəaliyyət göstərə bilmirik və mənə maddi ziyan dəyib".
 
Bu sözləri BAKU.WS-ə açıqlamasında hosteli bağlanan sahibkar Caməddin Murtuzayev söyləyib. Onun sözlərinə görə, gələn qonaqları başqa mehmanxanalarda yerləşdirməyə məcbur qalıb: "Araşdırma aparılmadan hosteli bağlayıblar və bu düzgün deyil. Məhkəmə qərarı olmadan mənim obyektimi əsassız olaraq bağlayıblar. Biz hosteli yenidən açmaq istəyirik. Çünki biz qanunsuz fəaliyyətlə məşğul olmuruq".
 
Aprelin 11-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib ki, hostellər xalqımızın mentalitetinə yaddır. DİN rəsmisinin fikrincə, hostellər qeyri-yaşayış binalarında açılmalıdır. Sakinin şikayəti əsasında da həmin hostel bağlanmışdı. 
 
Hostellər qeyri-yaşayış binalarında açılmalıdır?
 
Əslində hostellər elə yaşayış binalarında fəaliyyət göstərir. Bütün dünyada turistlər üçün bu cür ucuz hostellər fəaliyyət göstərir. Hostellərin 4-6, bəzən də 8-10 və ya 20 adam üçün nəzərdə tutulan otaqlarında insanlar gecələmək üçün rahatlıqla istifadə edə bilirlər. Yataq sayı artdıqca qiymətlər aşağı düşür. 1 və ya 2 nəfərlik otqalar isə bir qədər baha olmaqla bərabər çətin tapılır. Ən azından, uzun müddət əvvəldən sifariş etmək lazımdır. Ümumi mətbəxdə hər kəs özünə xidmət edə və öz istədiyini bişirib yeyə bilər. Ümumi dəhlizdə isə televizoru seyr etməklə insanlar bir-biri ilə ünsiyyət qurur, söhbətləşir, hətta internet xidmətindən yararlana bilirlər. 

Ölkə başçısı keçən il Nazirlər Kabinetinin iclasında Bakıda tanınmış brendlərin fəaliyyətini təqdir etsə də, beşulduzlu otellərin qiymətlərindən şikayətlənmişdi. Prezident üçulduzlu otellərin azlığını, ikiulduzlu otellərin yoxluğunu qeyd etmişdi: "O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər, budur reallıq. Gözəl təbiəti olan ölkəmizdə üç məsələyə - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisinə baxmaq lazımdır. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər".
 
İlham Əliyev: Ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır
 
İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edərkən də turizmin önəmindən danışmışdı. Dövlət başçısı bildirib ki, turizmlə bağlı görülmüş işlər Azərbaycanı beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevirir: "Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib - otellər, istirahət zonaları. 2004-cü ildən bu günə qədər 300-dən çox mehmanxana tikilmişdir. Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkələrinin mehmanxanaları var. Bizim gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda, qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. Bütün bu amillər var və viza sadələşdirilməsi də həll olunub, sadəcə olaraq biz işləri indi düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə, eyni zamanda, bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik".
 
Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov BAKU.WS-ə açıqlamasında turizm obyektlərinin fəaliyyəti ilə bağlı yaranmış problemlərə diqqət çəkib. Assosiasiya rəhbərinin sözlərinə görə, Azərbaycandan 3 və 4 ulduzlu otellərin tikilməsi vacibdir: "Hazırda Azərbaycanda hostellərin yaradılmasına zərurət yaranıb. Sahibkarlar sağ olsun ki, cənab prezidentin sözlərini eşidib, ondan irəli gələn bütün məsələlərə ciddi yanaşıb hostellər tikməyə başlayıblar. Amma təssüflər olsun ki, kimlərsə sahibkarların hostellər yaratmasına əngəllər törədir. Bütün baş verənlərdən sonra sahibkarlar hostellər yaratmaqdan çəkinəcək. Hər hansı bir hostel düzgün fəaliyyət göstərmirsə, orada hər hansı cinayət tərkibi varsa, bu başqa məsələ. Amma bunu yalnız məhkəmə yolu ilə həll etmək olar".
 

  Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov


Nahid Bağırov bildirir ki, prezident turizm fəaliyəti çün nəzərdə tutulan bütün lisenziyaları ləğv etmişdi və bu, sahibkarların işini daha da asanlaşdırmağa xidmət edirdi: "Prezident bürokratiyanı yığışdırmaq üçün bu addımı atmışdı. Hostel yaradan sahibkarlar vergidə uçota durduqdan sonra qanuni sahibkardır və buna icazə verilir ki, hostel kimi fəaliyyət göstərsin. Hətta heç bir vergi işçisinin sözügedən qurumu bağlamağa ixtiyarı yoxdur. Bu gün nə Vergilər Nazirliyi,  nə də Mədəniyyət və Turizm Nazirliyi məhkəmənin qərarı olmadan qanuni fəaliyyət göstərən sahibkarın obyektini bağlamaq iqtidarında deyil. Yalnız qanunla, məhkəmə qərarı əsasında obyekt bağlana bilər". 
 
Nahid Bağırov: Hostel ayrı bir binada açıla bilərdisə, o zaman hostel yox otel olardı

DİN-in hostellərin qeyri yaşayış binalarında fəaliyyət göstərməsi ilə bağlı təklifinə də münasibət bildirən Nahid Bağırov buna heç bir qadağanın olmadını söyləyb: "Bunu tənzimləyən bir qanun yoxdur ki, hostel harada açıla bilər harada yox. Ona görə, bu gün sahibkarın fəaliyyətindən qanun pozuntusu yoxdur. Qanunda yazılsaydı ki, hostel harda açıla bilər, harda yox mən razılaşa bilərdim. Hostel ayrı bir binada açıla bilərdisə, o zaman hostel yox otel olardı. Hostel elə yaşayış binasında olur".
 
İndi hostel sahibi polisin verdiyi qərara görə çıxılmaz vəziyyətdə qalıb. Müqavilə əsasında müştəriləri ilə razılaşan sahibkar onları yerləşdimək üçün başqa otellərdə yer axtarır. Turizmin inkişafı üçün bütün səylərin göstərildiyi bir zamanda hostel sahibinin bu cür çıxılmaz vəziyyətdə qalması heç də ürəkaçan deyil. Ümid edirik ki, yaranmış problem qısa zamanda həll ediləcək və dövlət başçısının göstərişlərinə uyğun olaraq sahibkarların turizm sahəsində xidmət göstərməsinə imkan yaradılacaq.  
 
Nazim Babayev
BAKU.WS