SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanın ən dəbdəbəli hotellərindən biri olan, bir neçə  ay əvvəl fəaliyyətini dayandırmış «Bilgah Beach Hotel» yenidən fəaliyyətə başlayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə seyyah.az-a hoteldən məlumat verilib. 2012-ci ildən fəaliyyət göstərən «Bilgah Beach Hotel» 2016-cı ilədək "Jumeirah” brendi altında  fəaliyyət göstədib. Lakin ötən ilin sonunda hotelin həm adı, həm də sahibi dəyişdirilib, hotelin idarəetməsi  "Absheron Hotel Group” şirkətinə verilib və onun fəaliyyətində fasilə yaranıb. Hoteldən seyyah.az-a verilən məlumata görə, artıq aprelin 1-dən etibarən hotel müştərilərin və sifarişlərin qəbuluna başlayıb.

İlkin məlumata görə, hoteldə qiymətlərdə müəyyən dəyişikliklər olub. Belə ki, hazırda «Bilgah Beach Hotel»dəki ən əlçatan qiymət «standart» tipli otaqlardıdır- gecəsi 161 manat.  Bu qiymətə səhər yeməyi və vergilər daxildir. Yay aylarında, yəni turizm mövsümünün başlanğıcında isə qiymətlərin kəskin artması gözlənilir. Belə ki, İyunun 1-dən etibarən «standart» tipli otaqlar üçün bir gecəlik qalma qiyməti səhər yeməyi və vergilərsiz 450 manata, onları nəzərə aldıqda isə 560 manata olacaq.

Hoteldəki ən bahalı otaq isə «prezident» nömrəsidir. Azərbaycanın ən dəbdəbəli hotel nömrələrindən biri olan bu otaqda yaşamaq xərci gündə 9 min 440 manat təşkil edir.

Xatırladaq ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən «Bilgah Beach Hotel» Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir. Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir.

Qeyd edək ki, hotel "Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv hotel və kurortların cəmləndiyi "Autograph Collection”-ın rəsmi üzvü olacaq. Bu,  qrupun Azərbaycanda istifadəyə verdiyi beşinci hotelidir.

Həmin qrupa daxil olan ilk hotel 2013-cü ilin dekabr ayında "Şahdağ” qış — yay turizm kompleksində yerləşən «Pik Palace Şahdağ” (167 otaq) olub. Ardınca şirkət 2015-ci ilin yanvar ayında "Park Chalet Şahdağ” (164 otaq) hotelini və may ayında «İntourist Bakı» (150 otaq) hotelini istifadəyə verib.

2016-ci ildə yeni "Dinamo Hotel Bakı” hotelin açılışı da nəzərdə tutulmuşdu, lakin hələ də baş tutmayıb.
 
BAKU.WS