SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mərkəzi Bankın 2017-ci il üçün pul siyasəti ilə bağlı bəyanatı yeni qədəm qoyduğumuz ildə hökumətin maliyyə sektorunda niyyətinin nədən ibarət olacağını qiymətləndirməyə imkan verir. Görünən budur ki, növbəti il də sərt pul kredit siyasəti davam etdiriləcək, iqtisadiyyatın pulla təminatı səviyyəsi 2016-cı ildə olduğu kimi məhdud həcmdə olacaq".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə, iqtisadiyyat yenə pulsuz qalacaq. Deməli, bank sektorunun və ümumilikdə iqtisadiyyatın kiçilməsi prosesi davam edəcək:
 
"Mərkəzi Bankın qarşısında duran əsas vəzifə inflyasiya səviyyəsinin nəzarətdən çıxmasına imkan verməmək olacaq. Milli valyutanın ucuzlaşması fonunda idxal inflyasiyasının təzyiqinin artması ölkədə qiymət artımının zəncirvari reaksiyasını şərtləndirəcək. Tədiyyə balansının və valyuta bazarının tarazlaşdırılması üçün idxalın məhdudlaşdırılması tədbirləri davam etdiriləcək. Ancaq Bəyanatda deyildiyi kimi, "neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır”. Dövlət sektorunun irihəcmli xarici borc ödənişləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi öhdəlikləri Azərbaycanın valyuta bazarına mənfi təsir edərək manata təzyiqi artıracaq. Hökumət xarici aktivlər və beynəlxalq təşkilatların kreditləri hesabına bu təzyiqi azaltmağa çalışsa da daxili valyuta bazarının müdaxiləsiz keçinmək mümkün olmayacaq. Tədiyə balansında kəsirin maliyyələşdirilməsi, o cümlədən xarici valyutada olan bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi tədbirlərinin nədən ibarət olmasını zaman göstərəcək".

Mütəxəssis hesab edir ki, manatın dəstəklənməsi tədbirləri çərçivəsində uçot dərəcələrinin yüksək səviyyədə saxlanılması, inflyasiya təzyiqi artdıqca uçot dərəcələrinin də qaldırılması siyasəti davam etdiriləcək: "Uçot dərəcələrinin hazırki 15%-dən 20%-ə qədər qaldırılması ehtimalı yüksəkdir. Uçot dərəcəsinin artımını həmçinin Mərkəzi Bankın keçirtdiyi depozit hərraclarının və qısamüddətli notların cəlbediciliyi artırmaq siyasəti şərtləndirəcək".

S.Əliyevin fikrincə, 2017-ci ildə iqtisadiyyata yönəldilən kreditlərin, xüsusən də milli valyutada olan kreditlərin illik faiz dərəcələrinin azaldılması mümkün olmayacaq: "Mərkəzi Bank banklara uzumüddətli və ucuz malyyə resursları ilə məhdud dəstək verəcək. Bu dəstək daha çox qısa müddətli və məqsədli olacaq. Kapital axının qarşısını almaq üçün xaricə köçürmələrə tətbiq edilən məhdudiyyətlər artırılacaq. Böhran dövründə bir qayda olaraq hökumətlər iqtisadiyyatı canlandırmaq üçün xərcləri artırır. Bunun daha çox tələbi stimullaşdırmaq yolu ilə edirlər. Ancaq Azərbaycan iqtisadiyyatının real sektorunun vəziyyəti pul kütləsini böyük həcmdə həzm etmək iqtidarında deyil. Məhz bu amili nəzərə alaraq Mərkəzi Bank pulu sıxmaq siyasətini yeridir. Çoxlu pul kütləsi ağır fəsadlar yaratdığı kimi az pul da böhranla mübarizədə effektivliyi aşağı salır".
 
Şahin Həbibov
BAKU.WS