SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və Özbəkistan arasında enerji tərəfdaşlığının möhkəmləndirilməsində mühüm addım bu ölkələrin dövlət neft şirkətləri arasında sazişin imzalanması olub.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında özbəkistanlı ekspert, iqtisadçı Uluqbek Kamaletdinov deyib.

O qeyd edib ki, "Özbəkneftqaz” ASC ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanmış sənəd, ölkələr arasında enerji tərəfdaşlığının möhkəmləndirilməsində ilk və mühüm addımdır: “Hər iki ölkənin enerji ehtiyatlarının kəşfiyyatı, hasilatı, emalı və nəqli sahəsində kifayət qədər təcrübəsi var".

Ekspert vurğulayıb ki, neft-kimya sahəsində əməkdaşlıq enerji sektorunda Azərbaycan-Özbəkistan əlaqələrini daha da dərinləşdirəcək: “Neft-qaz və kimya sahəsində müasir texnologiyaların tətbiqi və yüksək keyfiyyətli xammalın olması iqtisadiyyat üçün genişmiqyaslı effekt yarada bilər. Bu sənaye sintetik liflər, ilk növbədə, akril, sintepon materialları, boyalar, polietilen, tikinti materialları və digər məhsulların istehsalının inkişafına əhəmiyyətli təsir göstərir”.

Onun fikrincə, hər iki ölkə enerji məhsullarının yeni bazarlarda payının artırılması üçün əhəmiyyətli rəqabət üstünlüklərinə malikdir. İkitərəfli əlaqələrin möhkəmləndirilməsi isə perspektivli bazarlarla bağlı uğurlara töhfə verəcək: “Əgər Özbəkistan Azərbaycanın enerji məhsullarının Mərkəzi Asiya və Çin ölkələrinə ixracı üçün yaxşı tranzit imkanlarına malikdirsə, Azərbaycan da bizim məhsullarımızın Avropa İttifaqı ölkələrinə və Türkiyəyə ən qısa marşrutudur”.

BAKU.WS