SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın paytaxtı Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycan Neftçilər Gününə həsr olunmuş “Abşeron yarımadasında neft hasilatının mənşəyi” adlı sərginin açılışı olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, sərgi “Azərbaycan” pavilyonunun rəhbərliyi və “Neft” pavilyonu, eləcə də “Lukoyl”un muzeyi ilə birgə təşkil olunub.

Sərgini açan pavilyonun direktoru Səadət Kadırova bu sərginin keçirilməsinin əhəmiyyətindən danışıb: “Bu gün Azərbaycanda neftçilərin peşə bayramı qeyd olunur və bu peşə Azərbaycanda qədim zamanlardan bəri ən hörmətli və sayılıb-seçilən peşələrdən biridir.

Çünki neft sənayesi dövlət quruculuğunun ilk günlərindən iqtisadiyyatın əsas sahələrindən biri olub. Bu sərgi XIII əsrdən bu günə qədər neft sənayesinin müxtəlif inkişaf dövrlərini əhatə edən eksponatların təqdim olunması ilə unikaldır”.

O vurğulayıb ki, sərgi Azərbaycanın neft tarixi ilə bağlı çoxlu sayda maraqlı faktları üzə çıxarır. S.Kadırovanın sözlərinə görə, təşkilatçılar üçün tarixi inkişafın dərin təhlilinin nəticələrini göstərməklə yanaşı, Azərbaycanın bu sənayedə Rusiya ilə əməkdaşlığının nə qədər uğurlu olduğunu göstərmək də vacib idi.

“Lukoyl” muzeyinin rəhbəri Sergey Sergeyev, öz növbəsində, bildirib ki, təşkilatçılar sənayenin inkişafı, neft emalının primitiv üsullarından ən innovativ üsullara keçidi ilə bağlı müxtəlif səhifələri əks etdirməyə çalışıblar. “Lukoyl” şirkəti Azərbaycanla birlikdə daha güclü olduğumuzu göstərir”, - o söyləyib.

Tədbirdə Abşeron yarımadasında neft sənayesinin yaranma və inkişaf tarixinə aid sənəd və materiallar, o cümlədən Xəzərdə neft sənayesinin inkişafını əks etdirən maketlər, rəsmlər, uniformalar, fotoşəkillər, sənədlər, film fraqmentləri və digər artefaktlar nümayiş etdirilib.

Sərgi oktyabrın 5-dək davam edəcək.

BAKU.WS