Azərbaycanda bir sıra kommersiya bankları manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqqını artırıb. Konvertasiya faizlərini "Rabitəbank" ASC 2%-dən 5%-ə, "Silkway Bank" və "Expressbank" ASC-lər 2%-dən 4%-ə, "Amrahbank" ASC 0,5%-dən 5%-ə çatdırıb. "Azər-Türk Bank" ASC-də nağd xarici valyuta çıxarmaq istəyən 4%, qeyri-nağd ödəniş edən isə 0,5% konvertasiya haqqı ödəməlidir.

Nəticədə, hazırda manat kartlarının sahiblərinin xarici valyuta çıxarmaq və ya xarici valyuta ilə ödəniş etmək istədikdə bankların valyuta satış məzənnəsindən əlavə 4-5% artıq xərcləri yaranır.
 
Məsələn, bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının rəsmi məzənnəsi 1,6245 AZN/USD-yə bərabərdisə, banklar manat kartından dollar çıxarmaq istəyən və ya dollarla ödəniş həyata keçirmək istəyən şəxsə 1 dolları maksimum 1,6245+4%=1,6895 AZN/USD və 1,6895+4%=1,7571 AZN/USD-yə satır. Bu isə AMB-nin rəsmi məzənnəsindən 8,2% çoxdur. Bu xərc xarici ölkələrdə manat kartı ilə ödəniş edən şəxslərə də aid edilir.
 
Qeyd edək ki, yuxarıda adı çəkilən banklardan "Amrahbank" və "Azər-Türk Bank" hazırda adambaşı 500 ABŞ dolları limitilə xarici valyuta satışını həyata keçirir. Bu isə o deməkdir ki, bu bankların bankomatından dollar nağdlaşdırıldıqda qiyməti "Azər-Türk Bank"da 1,7571 AZN/USD, "Amrahbank"da isə 1,7740 AZN/USD təşkil edir. Həmin bankların daxilində isə (mübadilə şöbəsində) dolların satış məzənnəsi 1,6895 AZN/USD təşkil edir.”(Report”)
 
BAKU.WS