VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2021-ci il 8 dekabr tarixli hesabatı və və "TradingEconomics platforması"nın məlumat bazasına əsasən dünyada əsas ərzaq və istehlak məhsullarının qiymətləri artıb.

Dünyada taxıl məhsullarının qiymətlərində cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 3,1 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23,2 faiz artım müşahidə olunur.

Təklif qıtlığı şəraitində tələbin kəskin artması buğda qiymətlərinin dünya bazarında kəskin olaraq davamlı artmasına və dünya bazarında buğdanın qiymətinin 2011-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatmasına səbəb olub.

Ekspertlər taxıl və buğdanın qiymət artımındakı səbəblərin müxtəlif olduğunu bildirirlər. Əsas amillərdən biri son illər hökm sürən qlobal istliləşmənin yaratdığı quraqlıq göstərilir.

Quraqlıq hökm sürməsi taxıl məhsullarının istehsalında kəskin azalmaya gətirib çıxarıb. Dünya bazarlarında taxılın qıtlığı taxıl istehsalçılarının təklif etdikləri məhsulların qiymətlərinin artmasına və dünya bazarlarına daha az miqdarda taxılın ixracına səbəb olub.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi son bir neçə ilin quraqlıq səbəbi ilə kənd təsərrüfatı istehsalçıları üçün əlverişsiz olduğunu bildirib. ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz növbəsində Avstraliyada meşə yanğınlarının buğda tarlalarına ziyan vurduğunu və bu il olduğu kimi 2022-ci ildə də buğda ixracının 17 faiz azalacağını gözləyir.

Dünya bazarında qiymət artımı təkcə taxıl və buğda ilə də yekunlaşmır. Qlobal bazarlarda süd məhsullarının qiymətləri cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 3,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 19,1 faiz artıb.

Tərəvəz yağlarının qiymətlərində qlobal bazarlarda oktyabr ayında rekord qiymət artımı müşahidə olunmuş, lakin noyabr ayında qiymət üzrə cüzi (0,2 faiz) azalma baş verib.Dünya bazarında ət məhsullarının qiymətləri cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,9 faiz azalsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz yüksəkdir.

BAKU.WS-in məlumatına görə, Trend-ə açıqlaması zamanı iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib ki, dünya bazarında taxıl, ərzaq və istehlak məhsullarının artmasının üç mühüm fundamental səbəbi var.

"Dünya bazarında taxıl, ərzaq və istehlak mallarının təklifi azalıb. İstehsalın azalması xüsusən də dünya bazarına çıxarılan məhsulların həcminin azalmsına gətirib çıxarır və nəticədə 2021-ci ildə taxıl, ərzaq və istehlak məhsullarını ixrac edən ölkələr öz məhsullarını əvvəlki illə müqayisədə dünya bazarına daha az çıxardılar.

Digər səbəb pandemiya nəticəsində yaranan xərc idi. Burada bir tərəfdən xüsusən sərt karantin tədbirlərinin tətbiq olunduğu 2020-ci ildə şirkətlərin böyük bir qisminin fəaliyyətini məhdudlaşdırması və ya bir qisminin işləməməsi onlar üçün əlavə xərc yaratdı. Çünki bütün hallarda bu malları istehsal edən şirkətlərin bəlli bir xərcləri var", – deyə o qeyd edib.

V.Bayramov həmçinin bildirib ki, pandemiya səbəbindən logistik və nəqliyyat xidmətlərinin bahalaşması müşahidə olunur.

"Bu da təbii ki bazara çıxarılan məhsulların qiymətinin artmasına səbəb oldu. Xüsusən də bazara çıxarılan məhsulların nəqliyyat xərclərinin daha çox artmasını müşahidə etdik ki bu da maya dəyərinə təsir göstərən əsas səbəblərdən birinə çevrildi", – deyə o qeyd edib.

Qeyd edək ki, ümumilikdə ekspertlərin fikrincə dünyada 2022-ci il post pandemiya dövrü kimi yadda qalacaq və taxıl, ərzaq və digər zəruri məhsullara artan tələbat və istehsalın azalması fonunda qiymətlərin artması qaçınılmazdır.

BAKU.WS