Şimali Makedoniyanın Serbiya və Yunanıstanla qaz əlaqələri hidrogen nəqlinə uyğunlaşdırılır
Şimali Makedoniyanın Yunanıstanla yeni qaz interkonnektoru tam şəkildə hidrogen daşınmasına uyğun olaraq layihələndirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu məsələ Şimali Makedoniyanın hazırladığı ilk milli Hidrogen Araşdırmasında ətraflı şəkildə əks olunub.
Qeyd edilib ki, ölkə gələcəyin Avropa hidrogen infrastrukturunda öz mövqeyini möhkəmləndirməyə hazırlaşır. Avropa İttifaqının texniki yardımı ilə Şimali Makedoniyanın Energetika, Mədənçilik və Mineral Ehtiyatlar Nazirliyinin həyata keçirdiyi bu tədqiqat Serbiya ilə qaz bağlantısının yaradılması layihəsi çərçivəsində işlənib hazırlanıb.
Tədqiqat təsdiqləyib ki, Şimali Makedoniya hidrogen iqtisadiyyatını mərhələli şəkildə formalaşdırmaq və gələcək Avropa hidrogen infrastrukturunun aktiv tərkib hissəsinə çevrilmək baxımından real imkanlara sahibdir.
Sənəddə göstərilir ki, ölkə Serbiya və Yunanıstanla birgə Pan-Avropa Hidrogen Şəbəkəsi və Avropa Hidrogen Magistralı kontekstində strateji əhəmiyyətli coğrafi mövqeyə malikdir. Sözügedən şəbəkə gələcəkdə təmiz hidrogenin beynəlxalq sərhədlər arasında ötürülməsi məqsədilə yaradılacaq Avropa miqyaslı infrastrukturdur.
Xüsusi olaraq diqqətə çatdırılır ki, Serbiya ilə planlaşdırılan qaz interkonnektoru üçün layihəçi və podratçının müəyyənləşdirilməsinə dair tender sənədlərində həmin boru kəmərinin də 100 % hidrogen ötürülməsinə tam yararlı olması şərt kimi nəzərdə tutulub.
Bu araşdırmanın hazırlanması sayəsində Şimali Makedoniya hidrogen sahəsinin inkişafına dair strateji sənədə malik olan regiondakı az sayda ölkələrdən birinə çevrilib. Sənəddə 2050-ci ilə qədər hidrogenin inkişaf perspektivlərinə dair müəyyən ssenarilər ortaya qoyulub. Bura bərpa olunan enerji qaynaqlarının inteqrasiyası, hidrogen dəhlizlərinin formalaşdırılması, hidrogenin sənaye və nəqliyyat sektorlarında istifadəsi, eləcə də istixana qazı emissiyalarının nəzərəçarpacaq dərəcədə azaldılması imkanlarının qiymətləndirilməsi daxildir.
Oxşar xəbərlər
Mixail Fyodorov yenidən Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik etmək istədiyini bəyan edib
Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov yenidən bildirib ki, hökumətə yalnız müdafiə naziri vəzifəsində qayıtmağa hazırdır. BAKU.WS "Report"a istinadən...