Şimali Koreyada 5 min tonluq hərbi gəmi suya endirilərkən aşıb

Şimali Koreyada 5 min tonluq hərbi gəmi suya endirilərkən aşıb
Dünya 116

Şimali Koreya lideri Kim Çen In ölkənin ən böyük hərbi gəmisinin suya endirilməsi zamanı baş verən faciəvi qəza səbəbindən ciddi narazılığını bildirib. "Choe Hyon" adlı 5 min tonluq destroyer gəmi Çoncin limanında keçirilən rəsmi mərasim zamanı balansını itirərək suya yan aşaraq düşüb.

BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, qəza zamanı gəminin arxa hissəsi vaxtından əvvəl suya düşüb, gövdəsi əzilərək gəmi tamamilə yan yatıb. Kim Çen In hadisəni "bağışlanmaz cinayət" adlandıraraq səhlənkarlıqla davranan məsul şəxslərin cəzalandırılacağını bəyan edib.

Dövlət televiziyası hadisədə xəsarət alanın olmadığını açıqlasa da, gəminin aldığı zərərin miqyası hələ tam müəyyənləşdirilməyib.

"Choe Hyon" adlı bu destroyer, indiyədək Şimali Koreyanın inşa etdiyi ən iri hərbi gəmi hesab olunur. 5.000 tonluq gəmi ölkənin hazırda ən böyük sayılan 1.360 tonluq freqatını xeyli geridə qoyur. Gəminin ən önəmli xüsusiyyətlərindən biri də nüvə başlıqlı raketlərin buraxılması üçün dikey qurğulara malik olmasıdır.

Hadisə Kim Çen In-ın son dövrlərdə sürətləndirdiyi dəniz donanmasının modernizasiyası proqramına böyük zərbə kimi qiymətləndirilir. Şimali Koreya lideri bu addımla Qərb ölkələrinə güc nümayiş etdirməyə çalışırdı. Keçən ay da buna bənzər imkanlara malik başqa bir destroyer təqdim olunmuşdu.

Kim Çen In gəminin iyun ayına qədər təmir edilərək istifadəyə verilməsini əmr edib. Lakin hansı cəzaların tətbiq ediləcəyi açıqlanmayıb.

Cənubi Koreya hərbi mənbələri belə bir qəzanın nəticələrinin "fəlakət səviyyəsində" ola biləcəyini bildirir. Gəmi hal-hazırda su üzərində yan yatmış vəziyyətdədir. Bu hadisə Şimali Koreyanın nadir hallarda öz uğursuzluğunu etiraf etdiyi hallardan biri kimi diqqət çəkir.

Son xəbərlər