Şimali Koreya lideri 13 yaşlı qızını öz yerinə hazırlayır
KXDR lideri Kim Çen In azyaşlı qızı Kim Çju Eni həqiqətən də varis kimi hazırlayır.
BAKU.WS xəbər verir ki, bu qənaətə gəlməyə əsas verən amillərdən biri onun mediada geniş şəkildə təbliğ olunmasıdır.
Bildirilir ki, bu qərarda Kim Çen Inın qadınlara münasibətdə daha mütərəqqi baxışlarının rolu ola bilər.
Qeyd edək ki, artıq qızın varis kimi hazırlandığına dair şübhələr demək olar ki, qalmayıb. Kim Çen In hakimiyyətə gəldiyi ilk dövrlərdən qadınlara müəyyən simpatiyası ilə seçilib. Məsələn, o, ölkənin xarici işlər naziri vəzifəsinə qadın təyin edib. Halbuki əvvəllər Şimali Koreyada qadınların diplomatik karyera qurması faktiki olaraq mümkün deyildi.
Bundan əlavə rəsmi tədbirlərdə Kim Çju Enin rolu xüsusi vurğulanır. O və atası tribunaya qalxarkən aparıcılar onları "böyük rəhbərlər " kimi - cəm formada təqdim edirlər. Qız hələ çox gəncdir və Kim Çen In gələcəkdə qərarını dəyişə bilər. Lakin hazırda onun mediada təşviqi kampaniyası kifayət qədər irəliləyib və o, ən azı indiki mərhələdə əsas və faktiki olaraq yeganə real varis namizədidir.
Kim Çju E atasının yanında tez-tez hərbi xarakterli tədbirlərdə iştirak edir. Bu isə gələcəkdə onun hərbi sahədə təcrübəsiz olması ilə bağlı mümkün tənqidlərin qarşısını almağa hesablanıb.
Xatırladaq ki, Kim Çju E ilk dəfə 2022-ci ilin sonunda ictimaiyyət qarşısına çıxıb və o vaxtdan bəri yalnız Mərkəzi Televiziyada təxminən 600 dəfə nümayiş olunub. Halbuki məlumdur ki, Kim Çen Inın başqa övladları da var, lakin onlar ictimai məkanda görünmür. Əksinə, Kim Çju E ordu və hərbi-sənaye kompleksi ilə bağlı çoxsaylı tədbirlərdə atasını müşayiət edir. Bu da onun gələcək rəhbər kimi təqdim olunmasına xidmət edir. Bəzi müşahidəçilər yüksək vəzifəli bürokratiya və generalitetin qadın lideri qəbul etməyə bilərini düşünür. Buna görə də qızının erkən yaşdan geniş şəkildə təbliğ olunması mümkün müqavimətin zəiflədilməsinə yönəlib.
Bununla belə, son 20-30 ildə Şimali Koreya cəmiyyətində qadınların rolu əhəmiyyətli dərəcədə artıb və bu baxımdan Kim Çju Enin gələcəkdə ciddi problemlərlə üzləşməsi mütləq deyil. Şimali Koreya liderinin qızının rəsmi adı açıqlanmayıb. Ölkə daxilində ona "hörmətli övlad", "əziz və qiymətli övlad" və "rəhbərliyin yol göstərən ulduzu" kimi fəxri titullarla müraciət olunur.
Fevralın 12-də Cənubi Koreyanın "Yonhap" agentliyi Milli Kəşfiyyat Xidmətinə (NIS) istinadən xəbər verib ki, Kim Çju En faktiki olaraq varis təyinatı mərhələsindədir. Qeyd olunub ki, o, Ordu Günü münasibətilə keçirilən tədbirlərdə, həmçinin Kumsusan Günəş Sarayına ziyarətlərdə iştirak edir və bəzi siyasi məsələlərin müzakirəsinə qatılır.
Kim Çju Enin dəqiq yaşı məlum deyil. Lakin Cənubi Koreya kəşfiyyatının məlumatına görə, o, 2013-cü ildə anadan olub. Həmçinin bildirilib ki, Kim Çen In və həyat yoldaşı Ri Sol Cunun daha bir böyük oğlu və cinsi açıqlanmayan daha kiçik övladı da var.
Oxşar xəbərlər
İstanbul Polis İdarəsinin qarşısında LÜKS AVTOMOBİL KOLLEKSİYASI
İstanbulda hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində avtomobil qaçaqmalçılığı ilə bağlı şəbəkə zərərsizləşdirilib. BAKU.WS xəbə...