Rusiyada bank kartından pul oğurlayanlar yeni üsula əl atıb
Rusiyada dələduzlar hərbi qulluqçuların yaxınlarını hədəf alan yeni fırıldaq sxemi tətbiq etməyə başlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, dələduzlar telefon vasitəsilə hərbi qulluqçuların qohumlarına zəng edərək özlərini morq əməkdaşı kimi təqdim edirlər. Onlar zəng etdikləri şəxslərə guya hərbçinin həlak olduğunu bildirir və şəxsi əşyalarının ailəyə göndərilməsi üçün müəyyən məlumatların lazım olduğunu deyirlər.
Daha sonra isə "əşyaların göndərilməsi proseduru" bəhanəsi ilə qohumlardan poçt indeksi və mobil telefona göndərilən SMS kodunu demələrini xahiş edirlər. Əslində isə həmin kod bank hesablarına və ya müxtəlif onlayn xidmətlərə giriş əldə etmək üçün istifadə olunur.
Mütəxəssislərin sözlərinə görə, bu sxem xüsusilə döyüş bölgəsində xidmət edən, itkin düşmüş və ya bir müddət yaxınları ilə əlaqə saxlaya bilməyən hərbçilərin ailələrinə qarşı tətbiq olunur. Belə vəziyyətdə olan insanlar emosional gərginlik səbəbindən məlumatı yoxlamadan dələduzların tələsinə düşə bilirlər.
Bundan başqa, son dövrlər dələduzların istifadə etdiyi digər üsullar da yayılıb. Onlar insanlara "internetin sürətləndirilməsi", "bloklanmış saytlara girişin açılması" və ya "məhdudiyyətlərin aradan qaldırılması" kimi proqramlar təklif edərək cihazlara zərərli tətbiqlər yükləməyə çalışırlar. Bu proqramlar vasitəsilə şəxsi məlumatlar və bank hesabları ələ keçirilə bilər.
Mütəxəssislər vətəndaşlara naməlum şəxslərdən gələn zənglərə və mesajlara ehtiyatla yanaşmağı, şəxsi məlumatları və xüsusilə SMS kodlarını heç kimlə paylaşmamağı tövsiyə edir. Bu cür sadə qaydalar kiberdələduzluq hallarının qarşısını almaqda mühüm rol oynayır.
Oxşar xəbərlər
ABŞ-nin İraqda qəzaya uğrayan təyyarəsində 4 hərbçi həlak oldu
İraq üzərində "KC-135" yanacaq doldurma təyyarəsinin qəzaya uğraması nəticəsində dörd amerikalı hərbçi ölüb. BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Isr...