Qlobal neft bazarında 1 milyard bareldən çox itki qeydə alınıb
Hörmüz boğazında gəmi hərəkətinin bərpasına baxmayaraq, dörd ay davam edən fasilə dünya neft bazarında ciddi ehtiyat çatışmazlığı yaradıb.
BAKU.WS xəbər verir ki, Kpler analitik şirkətinin məlumatına görə, münaqişə dövründə qlobal neft tədarükündə ümumilikdə 1,15 milyard barel həcmində itki qeydə alınıb.
Bildirilir ki, bu vəziyyət beynəlxalq strateji neft ehtiyatlarının kəskin azalmasına səbəb olub. Beynəlxalq Enerji Agentliyinin strateji neft ehtiyatları 1990-cı ildən bəri ən aşağı səviyyəyə enib. ABŞ-nin fövqəladə hallar üçün nəzərdə tutulan strateji neft rezervləri isə son 43 ilin minimum həddinə düşüb.
Mütəxəssislər qeyd edirlər ki, Hörmüz boğazının yenidən açılması neft axınının dərhal normallaşacağı anlamına gəlmir. Mina təmizləmə işləri, boş tankerlərin limanlara qaytarılması və hasilatın əvvəlki səviyyəyə çatdırılması aylarla davam edə bilər.
Onların fikrincə, hazırda bazarda yaranan nikbinlik logistika risklərini tam əks etdirmir. Müharibə dövründə bir bareli 126 dollara qədər yüksələn neftin qiyməti hazırda 80 dolların altına ensə də, tədarükdə yaranmış boşluğun tam aradan qaldırılmasının bir ilə qədər vaxt apara biləcəyi bildirilir. Bu isə yaxın aylarda enerji daşıyıcılarının yenidən bahalaşması riskini artırır.
Bununla yanaşı, bəzi analitiklər hesab edirlər ki, OPEC ölkələrinin hasilatı artırması və Hörmüz boğazında nəqliyyatın bərpası nəticəsində yaxın həftələrdə qlobal bazarda neft tədarükü tədricən sabitləşə bilər.
Oxşar xəbərlər
Sabiha Gökçən Avropanın ən punktual hava limanı seçildi
Türkiyənin Sabiha Gökçən Beynəlxalq Hava Limanı Avropada vaxtında uçuşların həyata keçirilməsi üzrə ilk sıraya yüksəlib. BAKU.WS xəbər verir ki, bu barədə Avrop...