Kral Artura aid nadir əlyazma tapılıb

Kembric Universitetində Kral Artur əfsanəsinə aid nadir bir əlyazma aşkarlanıb. XIII əsrə aid olan sənədin bu günə qədər qorunub saxlanması alimlər tərəfindən mühüm kəşf kimi qiymətləndirilir.
Universitetin 25 mart tarixli açıqlamasına əsasən, tapılan əlyazma "Suite Vulgate du Merlin" adlı, Kral Artur haqqında köhnə fransız dilində yazılmış hekayələrin bir hissəsidir. Sənəd ilk dəfə 2019-cu ildə Kembricdəki kitabxanalardan birində, köhnə bir kitabın cild hissəsində istifadə olunmuş şəkildə təsadüfən aşkar edilib.
Verilən məlumata görə, əlyazma 1500-cü illərdə torpaq mülkiyyətinə dair qeydiyyat kitabının cildi kimi istifadə olunmaq üçün kəsilib, qatlanıb, tikilib və zədələnmiş formada saxlanılıb. Lakin müasir texnologiyaların köməyi ilə alimlər sənədə zərər vermədən onun məzmununu rəqəmsal formada bərpa etməyə nail olublar. Çoxzolaqlı təsvir, kompüter tomoqrafiyası və 3D modelləmə texnikaları ilə mətn hissələri oxunaraq bir növ rəqəmsal "pazl" kimi birləşdirilib və sənədin detallı məzmunu üzə çıxarılıb.

Araşdırmaçılar əlyazmanın 1275–1315-ci illər arasında yazıldığını və həmin dövrün zadəgan təbəqəsi üçün nəzərdə tutulmuş Artur əfsanələrinin bir hissəsi olduğunu bildirirlər. Universitet rəsmiləri qeyd ediblər ki, bu cür əlyazmaların əllə çoxaldılması onları unikal edir və sənədlərin mənşəyi ilə bağlı araşdırmalar üçün böyük əhəmiyyət daşıyır.
Hazırda əlyazma Kembric Universitetinin Kitabxanasında qoruma altına alınıb və rəqəmsallaşdırıldıqdan sonra tədqiqatçılar üçün əlçatan olacaq.

Oxşar xəbərlər
İraqda güclü qum FIRTINASI – Yüzlərlə insan zərər çəkib
İraqın mərkəzi və cənub bölgələrinə güclü qum fırtınası baş verib. BAKU.WS-in məlumatına görə, yerli səhiyyə qurumlarının verdiyi məlumata görə, təbii hadisə n...