ABŞ İranla razılaşma üçün şərtlərini açıqladı
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun İranla mümkün diplomatik razılaşma üçün irəli sürdüyü əsas tələbləri açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Uitkoffun sözlərinə görə, gərginliyin azaldılması üçün imzalanacaq hər hansı razılaşma dörd əsas məsələni əhatə etməlidir. Bunlar uranın zənginləşdirilməsi səviyyəsi, İranın raket arsenalının azaldılması, artıq toplanmış nüvə materialının taleyi və Yaxın Şərqdə İranpərəst silahlı qruplaşmaların fəaliyyəti ilə bağlıdır.
ABŞ Silahlı Qüvvələrinin İrana mümkün zərbəsi ilə bağlı sualı cavablandıran Uitkoff məsələnin diplomatik yolla həll olunacağına ümid etdiyini bildirib. O qeyd edib ki, İranın ağır iqtisadi vəziyyəti Tehranın kompromisə getməsinə səbəb ola bilər.
Xüsusi nümayəndə ölkədə baş verən etiraz aksiyalarına da toxunaraq, etirazçıları "inanılmaz dərəcədə cəsarətli insanlar" adlandırıb və onlarla həmrəy olduğunu vurğulayıb.
Qeyd edək ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonunda milli valyutanın kəskin dəyər itirməsindən sonra başlayıb. Hakimiyyət aksiyalara cavab olaraq təhlükəsizlik tədbirlərini gücləndirib, polis tərəfindən gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edilib.
Oxşar xəbərlər
Tarixdə ən çox insan ölümü qeydə alınan İLLƏR
Araşdırmalar göstərir ki, insanlıq tarixində ən çox ölüm hadisəsi XX əsrin ilk yarısında qeydə alınıb. Rəsmi tarixi və elmi mənbələrə əsasən, 1918–1919-cu illər...