SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 24-dən etibarən ABŞ rəhbərliyi xarici vətəndaşlara ölkədə daimi yaşamaq üçün icazələrin verilməsini (“Green Card”) sərtləşdirən yeni qaydalar tətbiq edəcək. Bu da ən çox dövlət müavinətinə güvənən əcnəbilərə toxunacaq.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada bildirilir.

Belə ki, ABŞ Ali Məhkəməsi İllinoys ştatı ərazisində bu qaydaların tətbiqinə qadağa qoymağı özündə ehtiva edən son iddianı da rədd edib:

“Ali Məhkəmənin qərarından məmnunuq. Nəticədə, Daxili Təhlükəsizlik Nazirliyi bu qaydaları bazar ertəsindən etibarən tətbiq etməyə başlaya biləcək”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Ağ Ev hələ 2019-cu ilin avqustunda “green card”ların verilməsi qaydalarını sərtləşdirib. Sərəncam oktyabr ayının ortalarında qüvvəyə minməli olsa da, Nyu-Yorkdakı İkinci Dairə Apellyasiya Məhkəməsi sərəncamı əngəlləyib.

Yeni qaydalar “green card”ların verilməsindən imtina qərarına təsir edən amillərin siyahısını xeyli genişləndirir. Məsələn, “Medicaid” güzəştli tibbi sığortasından istifadə və qida talonları alınması proqramında iştirak nəzərə alınacaq.

Mənfi xarakteristikalar içərisində özəl tibbi sığortanın olmaması, ingilis dilini kifayət qədər bilməmək və əmək bazarına çıxışın olmamağı da nəzərdən keçiriləcək.

Qeyd edək ki, hər il təxminən 544 min miqrant “green card” üçün müraciət edir, dəyişikliklər isə 382 min insana təsir edə bilər.

BAKU.WS