Yazın gəlişi hamı üçün sevinc demək deyil - XƏBƏRDARLIQ
Yazın gəlişi hamı üçün sevinc demək deyil. Təbiət oyananda bizim bədənimiz də sanki böyük bir "yenidən yüklənmə" (restart) prosesinə girir. Amma bu keçid heç də həmişə sakit keçmir.
Həkim, nevroloq Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, bu zaman insan orqanizmində bir sıra fizioloji və psixoloji dəyişikliklər baş verir. Onun sözlərinə görə, bu dəyişikliklər əsasən gün işığının artması, temperaturun yüksəlməsi, atmosfer təzyiqində və rütubətdə olan dəyişikliklərlə bağlıdır.
"Orqanizm bu yeni şəraitə uyğunlaşmağa çalışdığı üçün bəzi sistemlərdə funksional dəyişikliklər müşahidə olunur.
Əvvəlcə hormonal sistemdə dəyişikliklər baş verir. Gün işığının artması melatonin hormonunun azalmasına, serotonin və dopamin kimi "əhval hormonu" adlandırılan maddələrin isə artmasına səbəb olur.
Bu, bir çox insanlarda enerji artımı, əhvalın yaxşılaşması və aktivliyin yüksəlməsi ilə müşayiət olunur. Lakin bəzi insanlarda əksinə, adaptasiya dövründə yorğunluq, yuxu rejiminin pozulması, baş ağrısı və əsəbilik müşahidə edilə bilər", - deyə Vüsalə Nuriyeva bildirib.
Həkim deyir ki, immun sistem də mövsümi dəyişikliklərə reaksiya verir:
"Yaz aylarında allergik reaksiyaların artması çox xarakterikdir. Polenlərin havada artması allergik rinit, allergik konyunktivit və bronxial astma tutmalarını tetikləyə bilər. Allergiyası olan şəxslərdə burun axıntısı, asqırma, gözlərdə qaşınma və nəfəs darlığı daha çox müşahidə olunur.
Vegetativ sinir sistemi də bu dövrdə daha həssas olur. Damar tonusunda dəyişikliklər baş verir, damarlar genişlənir və bu, arterial təzyiqin dəyişkənliyinə səbəb ola bilər. Bu səbəbdən xüsusilə hipertenziyadan və ya hipotenziv vəziyyətlərdən əziyyət çəkən şəxslərdə başgicəllənmə, halsızlıq, ürəkdöyünmə kimi əlamətlər arta bilər".
Vüsalə Nuriyeva deyir ki, xroniki xəstəliklərdən xüsusilə aşağıdakılar yaz dövründə daha çox aktivləşə bilər:
– arterial hipertenziya
– bronxial astma və digər allergik xəstəliklər
– miqren və digər baş ağrısı sindromları
– vegetativ sinir sistemi disfunksiyaları
– revmatizm və oynaq ağrıları
– qalxanabənzər vəzi xəstəlikləri
– xroniki dəri xəstəlikləri (dermatit, ekzema
"Bu dövrdə düzgün yuxu rejimi, balanslı qidalanma, kifayət qədər maye qəbulu, açıq havada gəzinti və fiziki aktivlik adaptasiyanı asanlaşdırır və xroniki xəstəliklərin kəskinləşmə riskini azaldır".
Ziya SƏCCAD
Oxşar xəbərlər
İrandakı son etirazlarda 22 şagird həlak olub
"İrandakı son etirazlarda 22 şagird həlak olub". Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin İctimaiyyət...