Uşaqları döyməklə tərbiyə etmək olarmı?

Uşaqları döyməklə tərbiyə etmək olarmı?
Şərh Foto
Digər 40

"Uşaqları döyməklə tərbiyə etmək qısa müddətdə "itaət" effekti yaratsa da, uzunmüddətli psixoloji və davranış problemlərinə səbəb olur.

Ən əsas fəsadlardan biri uşağın təhlükəsizlik hissinin sarsılmasıdır. Uşaq üçün valideyn güvən mənbəyi olmalıdır lakin qorxu mənbəyinə çevrilir".

Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, döyülən uşaq öyrənmir, sadəcə qorxur.

Uşaqları döyməklə tərbiyə etmək olarmı?

"Bu qorxu zamanla ya aqressiya şəklində üzə çıxır, ya da özgüvən çatışmazlığı, çəkingenlik və passivlik yaradır. Belə uşaqlar hisslərini ifadə etməkdə çətinlik çəkir, özlərini dəyərsiz hiss edə bilirlər", - deyə ekspert bildirib.

Əbdül Səlimlinin sözlərinə görə, fiziki cəza uşağa bir mesaj verir:

"Güclü olan haqlıdır." Bu isə gələcəkdə uşağın zorakılığı normal davranış forması kimi qəbul etməsinə yol açır. Nəticədə uşaq ya başqalarına qarşı zorakı olur, ya da zorakılığa dözümlü davranmağı öyrənir.

Digər ciddi fəsad isə emosional bağın zədələnməsidir. Uşaq valideyninə ürəyini açmır, səhv etdikdə gizlətməyə başlayır. Bu da yalan davranışının, ikiüzlülüyün formalaşmasına səbəb olur".

Elmi araşdırmalar göstərir ki, fiziki cəza alan uşaqlarda gələcəkdə depressiya, təşviş pozuntuları, aqressiv davranışlar və sosial uyğunlaşma problemləri daha çox müşahidə olunur. Əbdül Səlimli bu səbəbdən uşağa zor tətbiq etməyin doğru yol olmadığını deyir:

"Tərbiyə döymək deyil, sərhəd qoymaq, izah etmək və nümunə olmaqdır. Uşağın davranışını düzəltmək üçün zorakılığa yox, anlayışa, səbəb-nəticə əlaqəsinə və emosional əlaqəyə ehtiyac var".

Ziya SƏCCAD

Son xəbərlər