Tarixin ən populyar 5 avtomobili

Tarixin ən populyar 5 avtomobili
Digər 137

Hər il avtomobil bazarında yeni modellər təqdim olunur, bəziləri isə zamanla tarixə qovuşur. Lakin bəzi modellər illərlə populyarlığını qoruyaraq milyonlarla insanın seçiminə çevrilib.

BAKU.WS dünyanın ən çox satılan avtomobilləri arasında illərdir lider mövqelərini qoruyan 5 modeli təqdim edir.

1. Toyota Corolla – 1966-cı ildən bəri 51 milyondan çox satış

Toyota Corolla 1966-cı ildə bazara çıxarıldıqdan sonra sürətlə məşhurlaşdı. 1974-cü ildən etibarən dünyanın ən çox satılan avtomobili olub. Sonuncu dəfə 2023-cü ildə Tesla Model Y bu liderliyi müvəqqəti ələ alsa da, Corolla ümumilikdə 26 il fasiləsiz olaraq satış lideri olub.

1997-ci ildə Corolla Volkswagen Beetle-ni geridə qoyaraq ən çox satılan modelə çevrildi. 2005-ci ildə isə 30 milyon satış göstəricisi ilə "Ginnesin Rekordlar Kitabı"na düşdü. 2021-ci ildə Toyota 50 milyonuncu Corolla-nı istehsal etdi və 2025-ci il üçün bu göstərici 51 milyonu keçib.

2. Ford F-Series – 1948-ci ildən bəri 43 milyondan çox satış

Amerika bazarının dəyişməz liderlərindən biri Ford F-Series pikaplarıdır. 1948-ci ildən bəri istehsal olunan bu model müxtəlif versiyalarda mövcuddur. Xüsusilə F-150 modeli 1975-ci ildən bəri bazarda böyük populyarlıq qazanıb.

1977-ci ildən bəri ABŞ-da ən çox satılan pikap olan Ford F-Series, 1981-ci ildən isə ümumilikdə ölkənin ən çox satılan avtomobili statusunu qoruyur. 2025-ci ildə bu modelin ümumi satış göstəricisi 43 milyonu keçib.

3. Volkswagen Golf – 1974-cü ildən bəri 36 milyondan çox satış

Volkswagen Golf elə bir avtomobildir ki, onun adı hətta ayrıca avtomobil sinfinə verilmişdir. 1974-cü ildən indiyədək səkkiz nəsil buraxılan Golf modelinin 36 milyondan çox satıldığı bildirilir.

Golf müxtəlif kuzov variantları – hetçbek, universal, kabriolet və hətta sedan versiyalarında istehsal edilib. Ən məşhur versiyalarından biri isə idman yönümlü Golf GTI və Golf R modelləridir. Lakin Volkswagen şirkəti yaxın gələcəkdə Golf-un ya tam elektrikli versiyaya keçəcəyini, ya da istehsalının tamamilə dayandırılacağını açıqlayıb.

4. Honda Civic – 1972-ci ildən bəri 28 milyondan çox satış

Honda 1950-ci illərdə motosiklet istehsalı ilə məşhurlaşsa da, 1963-cü ildən avtomobil istehsalına başlayıb. 1972-ci ildə buraxılan Honda Civic isə markanın ən uğurlu modellərindən birinə çevrildi.

Bu model özünün Type R versiyası ilə idman həvəskarlarının və tüninq sevərlərin diqqətini cəlb edib. 2025-ci il üçün Honda Civic-in satış rəqəmi 28 milyonu keçib və model hələ də bazarda güclü mövqeyə malikdir.

5. Volkswagen Beetle – 1938-2003-cü illərdə 21,5 milyon satış

Volkswagen Beetle 1938-ci ildən 2003-cü ilə qədər istehsal olunsa da, hələ də dünyanın ən çox satılan avtomobillərindən biri olaraq qalır. Dizaynı onilliklər ərzində dəyişməsə də, avtomobil üzərində 78 000-dən çox texniki yenilik edilib.

Beetle 65 il ərzində dünyanın müxtəlif ölkələrində fərqli adlarla satışa çıxarılıb: Kafer, Fusca, Vocho, Bug və s. 2003-cü ildə istehsalı dayandırılsa da, bu model hələ də ən uzun müddət istehsal olunan avtomobillərdən biri kimi tarixə düşüb.

Bonus: "Жигули" – 17,7 milyon satış

Sovet İttifaqı və Rusiyanın ən məşhur avtomobillərindən biri olan "Жигули" (Lada Classic) 1970-2012-ci illərdə istehsal edilib. Bu model İtalyan Fiat 124 əsasında hazırlanıb və müxtəlif modifikasiyalarla 17,7 milyon satış göstəricisinə çatıb.

Dünyanın avtomobil tarixində iz qoyan bu modellər illər keçsə də, hələ də populyarlığını qorumağa davam edir.

Son xəbərlər