Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
Ölkənin birinci bankı Kapital Bank və birinci universiteti Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bununla da Kapital Bank daha bir ali məktəblə strateji əməkdaşlığın əsasını qoyub. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev və BDU rektoru Elçin Babayev iştirak edib.
Tədbirdə çıxış edən Cavid Mirzəyev bu əməkdaşlığı tarixi hadisə adlandırıb:
"Ölkənin birinci bankı olaraq, qədim tarixə malik Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı daha böyük müstəvidə rəsmiləşdirmək bizim üçün olduqca vacib hadisədir. Təhsilə dəstək Kapital Bank-ın sosial məsuliyyət layihələrinin ən vacib, strateji istiqamətlərindən biridir. Təcrübə göstərir ki, bu kimi əməkdaşlıqlar sayəsində tələbələrimiz praktiki biliklər əldə edir, gələcək karyeraları üçün vacib olan təcrübələri qazanır, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılırlar. Biz isə peşəkar korporativ mühitə hazır olan gənclərlə əməkdaşlıq edə bilirik. Hazırda bankımızda 748 nəfər BDU məzunu çalışır. Onlardan 68-i isə rəhbər vəzifələrdə yer alır. Bu rəqəmlər BDU məzunlarının maliyyə sektorunda da kifayət qədər uğurlu kadrlar olduğunun göstəricisidir. Düşünürəm ki, BDU-nun təhsil metodikası Kapital Bank-ın təcrübəsi ilə birləşdikdə gənclərin inkişafı üçün daha geniş platforma yaranacaq".
Rektor Elçin Babayev isə bu əməkdaşlığın tələbələrin əmək bazarına peşəkar kadr olaraq hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb:
"Bizim fəaliyyətimizin prioritetlərindən biri də universitet və işəgötürənlər, həmçinin biznes strukturları ilə əlaqələrin gücləndirilməsidir. Kapital Bank-la əməkdaşlığımız tələbələrimiz üçün uğurlu karyera yolunda yeni imkanlar açacaq. Burada təcrübə mübadiləsi, bankın peşəkar kadrları tərəfindən tələbələrə təlimlərin keçirilməsi, onların tədris prosesinə cəlb olunması kimi bir çox məqamlar yer alır. Nəticədə bütün bunlar tələbələrimizin rəqabətli əmək bazarında daha dayanıqlı mövqelərdə olmasına səbəb olacaq".
İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetinin nəzdində müasir texnologiyalar və avadanlıqlarla təchiz edilmiş, müasir standartlara cavab verən "Kapital Bank otağı"nın açılış mərasimi keçirilib. Mərasimdə Kapital Bank-ın menecer heyətində yer alan və BDU məzunu olan bank əməkdaşları öz təəssüratlarını bölüşüb, birgə əməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər.
Oxşar xəbərlər
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda, ölkənin əksər bölgələrdə fevralın 3-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq ve...