Misirli ekspert: Orta Dəhliz təchizat zəncirlərinin yenidən formalaşmasında əhəmiyyətli marşrutdur
Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət və təchizat zəncirlərinin yenidən formalaşmasında alternativ strateji marşrut kimi əhəmiyyətini artırır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Misirdə Avrasiya Ərəb Araşdırmalar mərkəzinin (CAES) Türkiyə və İran araşdırmaları sektorunun müdiri Qadi Qəndil AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib.
Müsahib vurğulayıb ki, mövcud geosiyasi gərginliklər, silahlı münaqişələrin artması, eləcə də ənənəvi nəqliyyat marşrutlarında təhlükəsizlik risklərinin çoxalması dövlətləri daha sabit və çevik alternativlər axtarmağa sövq edir. Bu baxımdan, Orta Dəhliz beynəlxalq ticarət sistemində keyfiyyətcə yeni mərhələnin formalaşmasına töhfə verən əsas istiqamətlərdən biri kimi qiymətləndirilir.
"Azərbaycan bu marşrut çərçivəsində öz mövqeyini gücləndirərək mühüm logistika mərkəzinə çevrilməyi hədəfləyir. Ölkənin Xəzər və Qara dənizlər arasında yerləşən əlverişli coğrafi mövqeyi, eləcə də dəmir yolları, limanlar və multimodal daşımaları və digər inkişaf etmiş infrastruktur şəbəkəsi bu prosesi sürətləndirən əsas amillərdəndir", - deyə misirli ekspert bildirib.
O deyib ki, Gürcüstan ilə artan əməkdaşlıq Orta Dəhlizin idarə olunmasında inteqrasiyanı gücləndirir və onun digər marşrutlarla müqayisədə rəqabət qabiliyyətini artırır.
Açıqlamada diqqətə çatdırılıb ki, Orta Dəhliz Azərbaycan üçün yalnız nəqliyyat layihəsi deyil, həm də ölkənin regional və qlobal sistemdə mövqeyinin yenidən müəyyənləşdirilməsi alətidir. Bu marşrut Azərbaycanın Asiya ilə Avropa arasında tranzit mərkəzi kimi rolunu gücləndirərək iqtisadiyyatın şaxələndirilməsinə, ənənəvi enerji ixracından asılılığın azaldılmasına və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır.
Eyni zamanda, bu təşəbbüs nəqliyyat və logistika infrastrukturunun inkişafına təkan verir, ölkənin geoiqtisadi imkanlarını genişləndirir və siyasi nüfuzunu gücləndirir. Bu kontekstdə Orta Dəhliz Azərbaycanın iqtisadi milli təhlükəsizliyinin əsas sütunlarından biri kimi qiymətləndirilir, onun sürətli qlobal dəyişikliklərə daha çevik cavab verməsinə, eləcə də mürəkkəb rəqabət şəraitində daha geniş hərəkətinə şərait yaradır.
Qeyd olunub ki, Yaxın Şərqdə davam edən böhranlar fonunda təhlükəsizlik risklərinin artması beynəlxalq aktorların ticarət və enerji marşrutlarına yanaşmasını dəyişir. Bu baxımdan Orta Dəhliz yalnız coğrafi alternativ deyil, həm də iqtisadi təhlükəsizlik anlayışında yeni yanaşmanı əks etdirir, marşrutların şaxələndirilməsini əsas götürür və mümkün münaqişə zonalarından keçən yollardan asılılığı azaldır.
Qadi Qəndil yaxın illərdə bu marşruta beynəlxalq investisiyaların artacağına əminliyini ifadə edib. Bununla yanaşı, misirli ekspertin fikrincə, Orta Dəhliz regionda geosiyasi rəqabətin də güclənməsinə səbəb ola və Avrasiya məkanında qüvvələr balansına təsir göstərə bilər.
Oxşar xəbərlər
Hövsanda heyrətləndirən ev: "Köhnə əşyalara ikinci həyat verdik"
Baku TV Hövsan kəndində yaşayan kolleksioner Elnur Kazımovun evindən reportaj hazırlayıb. O, illərdir mənzilində qədim əşyaların zəngin kolleksiyasını toplayır:...