"Məhsəti" qalmaqalı böyüyür: Sabiq nazirin qızının təhrifinə Xalq artistindən SƏRT MÖVQE

Məhsəti qalmaqalı böyüyür: Sabiq nazirin qızının təhrifinə Xalq artistindən SƏRT MÖVQE
Foto
Digər 92

"Əbülfəs müəllimin qızı həmin filmi öz şəxsi vəsaiti hesabına çəkib. Onun nə Kino Agentliyinə (ARKA), nə də kinostudiyaya heç bir aidiyyəti yoxdur".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi "Məhsəti" adlı qısametrajlı filmə münasibət bildirən Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

O qeyd edib ki, rejissor filmi çəkdikdən sonra ARKA vasitəsilə onun nümayişini reallaşdırmaq istəyib, lakin bu mümkün olmayıb:

"Çünki Şura üzvləri filmi yekdilliklə qəbul etməyərək nümayişdən imtina ediblər. İndi Məhsəti Gəncəvi haqqında kim nə gəldi danışır. Məhsətinin rübailərinə görə onu ittiham edirlər - çox səhv edirlər, hətta böyük səhv edirlər. Mən sual verirəm: O rejissora kim səlahiyyət verib ki, Azərbaycanın milli-mənəvi əxlaq tarixini öz dar düşüncə çərçivəsində gülünc vəziyyətdə təqdim etsin? Kim verib ona o səlahiyyəti? Haradan alıb o icazəni?

Bilirsiniz, elə müqəddəs dəyərlər, ölçülər var ki, onlara toxunmaq olmaz. Məhsəti haqqında film çəkmək istəyənlər əvvəlcə onun yazdığı misraları, həmin misraların sətiraltı mənasını, poetik ruhunu və obrazlı ifadələrini dərk etməlidirlər. Bilmədikləri mövzulara baş vurmasınlar.

Ümumiyyətlə, mən hesab edirəm ki, klassik mövzuda hər hansı iş görmək istəyən şəxslər dövlət tərəfindən rəsmi qaydada nəzarətə götürülməli, layihə isə icraya başlamazdan əvvəl təsdiqlənməlidir. Ədəbiyyat İnstitutundan, Tarix İnstitutundan, ziyalılardan mütləq rəy alınmalıdır. Tarixə və ədəbiyyata belə yanaşmaq düzgün deyil", - deyə Şeyx Əbdül bildirib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa geniş müzakirələrə səbəb olub.

Son xəbərlər