Kainatda yadplanetli axtarışı davam etdirilir
SETI (Search for Extraterrestrial Intelligence – Yerdənkənar Ağıl Axtarışı) layihəsinin alimləri kosmosda texnoloji siqnalları – süni mənşəli fəaliyyət izlərini axtarmaq üçün güclü COSMIC sistemindən istifadə ediblər. Təxminən 1 milyon obyektin məlumatları analiz edilsə də, yadplanetli sivilizasiyaların mövcudluğuna dair heç bir sübut tapılmayıb.
BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri arXiv elmi portalında dərc edilib.
COSMIC (Commensal Open-Source Multimode Interferometer Cluster) – Karl Q. Yanski adına Very Large Array (VLA) radioastronomik rəsədxanasına qoşulmuş siqnal emalı kompleksidir. Sistem real vaxt rejimində məlumatları analiz edərək süni mənşəli ola biləcək darzolaqlı radiosiqnalları axtarır. Belə siqnalların Dopler effekti səbəbindən tezliyini dəyişməsi kimi müəyyən kriteriyalara uyğun olması gözlənilir.
Araşdırma müəlliflərinin sözlərinə görə, COSMIC, SETI layihəsi çərçivəsində texnosiqnalların avtomatik aşkarlanması üçün hazırlanmış ən böyük eksperimentlərdən biridir. Sistem indiyə qədər 950 mindən çox obyekt üzərində analiz aparıb ki, bu da yadplanetli ağıl axtarışında ən genişmiqyaslı layihələrdən biri hesab olunur.
İlk sınaq çərçivəsində Gaia kataloqundan seçilmiş 511 ulduzun müşahidəsi zamanı heç bir süni siqnal qeydə alınmayıb. Lakin alimlər bunun yalnız başlanğıc olduğunu və gələcəkdə daha geniş müşahidələrin aparılacağını bildiriblər.
Baxmayaraq ki, hələlik müsbət nəticə əldə olunmayıb, tədqiqatçılar COSMIC sisteminin uğurla sınaqdan keçirildiyini vurğulayıblar. Onların sözlərinə görə, yeni sistem böyük həcmli məlumatları sürətli və effektiv şəkildə süzgəcdən keçirməyə imkan verir ki, bu da müasir astronomiyada olduqca vacib texniki nailiyyətdir.
Oxşar xəbərlər
Bakıda bu tarixdə 1 dərəcə şaxta olacaq
Bakıda və Abşeron yarımadasında fevralın 8-i gecədən etibarən suluqar yağmağa başlayacaq. BAKU.WS hava proqnozu tətbiqlərinə istinadən xəbər verir ki, fevralın...