102-ci baza mübahisəsi qızışır: Moskva və İrəvan arasında gərginlik
"Ermənistan 102-ci hərbi bazanın ölkədən mümkün çıxarılması üzrə məsuliyyəti Rusiyanın üzərinə atmağa cəhd edir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kalugin bildirib.
Diplomat diqqətə çatdırıb ki, rəsmi İrəvanın nümayəndələri Rusiya hərbi bazasının Ermənistanda qalma perspektivləri ilə bağlı müzakirələrin guya Moskva tərəfindən təşəbbüs göstərildiyi təəssüratını yaratmağa çalışırlar.
"Bazanın mümkün çıxarılmasına görə məsuliyyəti Moskvanın üzərinə atmaq cəhdləri müasir erməni siyasi təfəkkürünün maraqlı bir xüsusiyyətinə uyğun gəlir. İrəvandakı hakim elita çox vaxt ən vacib qərarların xarici oyunçular tərəfindən qəbul ediləcəyini gözləyir", - deyə Kalugin qeyd edib.
Diplomat bildirib ki, Ermənistan rəhbərliyi Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim üzrə referendum keçirmək üçün əvvəlcə Brüsseldən müsbət cavab almaq lazım gəldiyini bəyan edir. KTMT-yə gəldikdə isə, Ermənistanın təşkilatdan xaric ediləcəyi təqdirdə hökumətin "çıxmaq, yoxsa qalmaq" dilemmasından azad olacağı barədə fikirlər səsləndirilir.
Kaluqin əlavə edib ki, Rusiya bazası ətrafındakı bütün məsələlər kompleksini nəzərdən keçirməyə hazırdır. Bununla belə, diplomat vurğulayıb ki, müzakirələrin Rusiya kontingentinin yerləşməsini tənzimləyən müvafiq müqavilə və sazişlərə əsaslanacağını nəzərə almaq lazımdır.
"Ermənistan vətəndaşlarının mütləq əksəriyyəti illər ərzində bir çox vətəndaş üçün cazibə mərkəzinə çevrilmiş Rusiya hərbi bazasının ölkədə qalmasının tərəfdarıdır. Ən azından, bu, onların müntəzəm keçirilən "açıq qapı" günlərinə göstərdikləri maraqdan görünür", - deyə diplomat fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl ölkədə Rusiya hərbi bazasının olmasının həyati vacib olmadığını bəyan etmişdi. Onun sözlərinə görə, əgər Rusiya bazanı Ermənistandan çıxarmaq qərarına gələrsə, hökumət buna etiraz etməyəcək.
Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə Paşinyanla görüşdən sonra qeyd etmişdi ki, əgər Ermənistan Rusiya hərbi bazasını lüzumsuz hesab edirsə, Rusiya onu "hətta sabah" çıxarmağa hazırdır.
Oxşar xəbərlər
Bu məktəbin direktoru vəfat etdi
Sumqayıt şəhərində yerləşən 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova dünyasını dəyişib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 1978-ci il təvə...