SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol azarkeşlərinin maraqla gözlədiyi və yayda keçirilməli olan AVRO-2020-nin tarixi dəyişdirilərək 2021-ci ildə keçirilməsi qərara alınıb.

BAKU.WS xəbər verir ki, müvafiq qərar dünən Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış, UEFA-nın üzvü olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra UEFA İcraiyyə Komitəsi tərəfindən qəbul olunub.

Qeyd edək ki, AVRO-2020-nin 12 ev sahibindən biri də Bakı şəhəri olmalıdır. Azərbaycandan əlavə İtaliya, Hollandiya, Macarıstan, Rusiya, Danimarka, İngiltərə, Şotlandiya, İspaniya, İrlandiya, Almaniya və Rumıniya da təşkilatçı ölkə qismində çıxış etməlidir.

Avropa çempionatı üçün yeni tarixlər 11 iyun–11 iyul 2021-ci il təklif olunub. Mövcud vəziyyətdə Bakı və digər şəhərlərdə keçirilməli olan oyunlar üçün alınan biletlərin aqibətinin necə olacağı azarkeşləri ən çox maraqlandıran suallardan biridir. UEFA-nın mətbuat xidmətindən verilən məlumata görə, AVRO-2020-nin oyunlarına bilet alan insanlar pullarını itirməyəcəklər. Əgər azarkeşlər 2021-ci ildə keçiriləcək turnirdə iştirak edə bilmirlərsə, biletləri təhvil verə və tam dəyərini geri ala bilərlər.

Aprel ayı ərzində bu proses barədə elektron poçt və euro2020.com/tickets keçidi vasitəsilə əlavə məlumat veriləcək.

BAKU.WS