SİZİN REKLAM BURADA!
055 213 76 73


Aylardır xəstəxanalarda davam edən koronavirus mübarizəsi, əslində dövlətlər arasında da gizli bir müharibəyə çevrilib. Çində yayılmağa başlayan bu infeksiya ilə vaxtsız qarşılaşan, hər mənada hazırlıqsız olan ölkələr çarəni tez bir zamanda covid-19 əleyhinə vaksin, dərman və ya peyvənd tapmaqda axtarıb və əsrin qəhrəmanı olmağa çalışıb.

Bu müddət ərzində bir çox avropa ölkəsi, hətta Afrikadan belə peyvəndin sınaqları ilə bağlı xəbərlər eşidilib.

ABŞ və Rusiya arasında olan gizli və aşkar çəkişmələr də elə bu mövzuda da özünü büruzə verib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, mart ayından bəri peyvənd üzərində, necə deyərlər, baş sındıran, ötən ayın ortalarında peyvənd istehsalına başlayacağını açıqlayan ABŞ hökuməti bunun 4-6 həftə çəkəcəyini bildirmişdi.

Prezident Donald Tramp isə koronavirus peyvəndini digər ölkələrlə bölüşməyə hazır olduqlarını bütün dünyaya car çəkmişdi. ABŞ hökuməti bu peyvəndin hazırlanmasına təxminən yarım milyard dollar (850 milyon AZN) ayırıb və sınaqlarda 30 mindən çox könüllü iştirak edib.

Bu müddət ərzində Rusiya boş dayanmadı. May ayından bəri hazırladığı preparatları gah tibb işçiləri, gah da hərbi qulluqçular üzərində sınaqdan keçirib effektini yoxlayan şimal qonşumuz 2 gün əvvəl Prezident Putinin dili ilə rəsmi şəkildə peyvəndin hazır olduğunu və qeydiyyatdan keçdiyini bildirib.

Rəqəmlərlə mübarizə aparan iki dünya nəhəngindən Rusiya 500 milyon doza peyvəndin istehsalını təmin etməyə hazırıq desə də, ABŞ-dan 600 milyon rəqəmi eşidilib.

ABŞ-ın baş yoluxucu xəstəliklər mütəxəssisi Entoni Fauçi koronavirusa qarşı Rusiyada hazırlanmış peyvəndin təhlükəsizliyi ilə bağlı şübhələrinin olduğunu deyib. Eyni ilə Almaniyanın səhiyyə naziri Yens Spahn kimi.

Hər iki ölkədə peyvənd könüllü şəkildə olsa da, Rusiya bunu ödənişsiz həyata keçirəcəyini bildirib.

ABŞ Rusiyanın peyvəndinə şübhə duyulduğu bir vaxtda çox ağıllı bir açıqlama verib. Koronavirus infeksiyasına qarşı peyvəndlərin istifadəsinə yalnız onların təhlükəsiz olduğu sübut ediləcəyi təqdirdə icazə verəcəyini bildirən hökumət bir növ insanların etibarını qazanmaq üçün yaxşı bir addım atıb.

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndi ilə bağlı xarici həmkarlarının səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib və onları tamamilə əsassız adlandırıb.

İstənilən halda, ÜST də rus peyvəndini nəzarətə götürdüyünü və araşdırma aparacağını bildirib. İndi aylardır bu pandemiyadan əziyyət çəkən insanları sadəcə doğru-düzgün bir çıxış yolunun tapılması maraqlandırır, istehsalçının hansı ölkə olması yox...

BAKU.WS
VİDEO