SİZİN REKLAM BURADA!
055 213 76 73


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov immun sistemi, onu gücləndirmək yolları, xəstəliklərin yaranmasında rolu, peyvəndlənmənin vacibliyi barədə sualları cavablandırıb.

BAKU.WS AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.

- Təyyar müəllim, bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən başlayaraq hər il martın 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd edilir. Ümumiyyətlə, immun sistemi nədir? İmmunitet anadangəlmə olur, yoxsa onu sonradan qazanmaq mümkündür?

- İmmunitet və ya immun sistem orqanizmi xaricdən gələn bütün yad maddələrdən (viruslar, bakteriya, göbələklər və s.) qoruyan və həmçinin bədəndə olan fəaliyyətdən düşmüş və ya köhnəlmiş hüceyrələrin məhvinə nəzarət edən sistemdir, məsələn, immunitet bizi şiş hüceyrələrin əmələ gəlməsindən qoruyur. İmmun hüceyrələrin bədənin öz hüceyrələrini məhv etməməsi üçün immunoloji tolerantlıq mövcuddur.

İmmunitet anadangəlmə (qeyri-spesifik) və qazanılmış olur. Qazanılmış immunitet öz növbəsində passiv (zərdab vasitəsilə orqanizmə hazır əkscisimcikləri yeritdikdə və ya anadan dölə bətndaxili və yenidoğulmuşa süd vasitəsilə ötürülən) və aktiv (xəstəliyi keçirdikdən sonra və ya vaksinasiyadan sonra formalaşan) olur.

- İmmunitet çatışmazlığı hansı xəstəliklərin yaranmasına səbəb olur?

- İmmunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu özünü ağır, təkrarlanan infeksiyalar kimi göstərir. Şiş əleyhinə immunitetin pozulması bəd xassəli törəmələrin inkişafına “dəstək” olur. Bəzən immun hüceyrələr bədənin öz hüceyrələrini məhv etməyə başlayır, bunlar autoimmun xəstəliklərdir. İmmunitet sistemimiz bəzi maddələrə həddindən artıq reaksiya verdikdə allergik xəstəliklər yaranır.

Sağlam bir bədən immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan uzunmüddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı patologiyalar yoxdursa, onu məqsədyönlü şəkildə "gücləndirməyə" ehtiyac yoxdur.

- İmmuniteti dərman vasitələri ilə gücləndirmək olar?

- Bu gün immunitetin stimullaşdırılması çox mübahisəli bir məsələdir. Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir, çünki bu dərmanların effektivliyi sübut olunmayıb. Terapevtik təsir bütün immun sisteminə deyil, onun müəyyən bir həlqəsinə yönəldilməlidir. Bütövlükdə immun sistemi gücləndirə bilən sehrli həblər, dərmanlar yoxdur. Müəyyən bir infeksiyaya qarşı immunitet yaratmaq üçün peyvəndləmə aparılır, immun çatışmazlıqlarda immunitetin çatışmayan həlqəsini bərpa etmək üçün isə əvəzedici terapiya aparılır. Yalnız müəyyən xəstə qrupları immunoloji müayinədən sonra bu vasitələrdən istifadə etməlidirlər.

- Güclü immunitet bizi hansı xəstəliklərdən qoruyur?

- Qəfil xəstələnmək heç də "immunitetin azalması" demək deyil. Bu, bədənin qoruyucu xüsusiyyətlərinin zəiflədiyini göstərir. Bununla məşğul olmaq lazımdır, lakin immunitetlə hər şey qaydasındadır. Bəzən biz səhvən tez-tez baş verən kəskin respirator virus infeksiyalarını (KRVI) immunitet sistemindəki pozuntular kimi qəbul edirik. Məsələn, tez-tez xəstələnən uşaqlar ildə 4-6 dəfədən çox müxtəlif respirator infeksiyaları keçirirlər. Məsələn, uşaq bağçasına gedən balacalar ilk günlərdən digər uşaqların florası ilə qarşılıqlı əlaqədə olur və xəstələnirlər. Bu, patologiya deyil. Belə vəziyyətdə immunmodulyatorların qəbulu infeksiyanın dövrü alovlanması ilə müşayiət olunan yarımkəskin mərhələyə keçir.

- COVID-19-la mübarizədə immun sistemimiz nə dərəcədə mühüm rol oynayır?

- Sağlam insanın immun sisteminə müdaxiləyə ehtiyac yoxdur. Onun normal işləməsi üçün şərait yaratmaq lazımdır. Məsləhət görərdim ki, immun sistemin normal səviyyədə işləməsinə kömək edəcək bəzi amillərə diqqət yetirəsiniz. İlk öncə, peyvənd cədvəlinə, o cümlədən illik qrip peyvəndinə laqeyd yanaşmayın. Həmçinin qida elementlərinin, vitaminlərin və mikroelementlərin miqdarı və tərkibinə diqqət yetirin. Qeyd etmək istəyirəm ki, normal gecə yuxusu vacibdir, çünki bu zaman yeni immun hüceyrələr əmələ gəlir. Unutmamalıyıq ki, immun sisteminin zəifləməsinin səbəblərindən biri də stresdir. Orqanizmin müqavimətini tənzimləmək üçün immun, sinir və hormonal sistemlərimiz daimi qarşılıqlı əlaqədə işləyir. Özünüzü yaxşı fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Qan dövranı immun sistem hüceyrələrinin bədənimizin bütün guşələrinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan verir. İstənilən yoluxucu xəstəlikləri vaxtında və tam şəkildə müalicə edin.

İmmun sistemi çox mühümdür, lakin az öyrənilən sahədir. Onun işində ciddi bir pozuntuya dair şübhələr varsa, həkimə müraciət mütləqdir, çünki bir pozuntu əmələ gəldiyi halda xüsusi müalicə tələb oluna bilər.

Sonda qeyd etmək istəyirəm ki, əhalinin vaksinasiya prosesində fəal iştirakı kütləvi immunitetin əldə edilməsinə səbəb olur.

BAKU.WS