Ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçirilib

Ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçirilib
Hadisə 248

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesə media nümayəndələri buraxılmayıb.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, Əhməd Əhmədovun prosesdə Əhmədin ifadəsi elan olunub.

Əhməd Əhmədov istintaqa verdiyi ifadəsində Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə tək yaşadığını bildirib.

O, bacısı Elmira Əhmədovanın dəfələrlə ailəsinə problemlər yaratdığı üçün, evdə olan narazılıqlardan ötrü ona ayrı ev aldıqlarını bildirib. Tək yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi işləyib.

İstintaqda hadisə günü ilə bağlı danışan Əhməd Əhmədov qeyd edib ki, səhər saat 10 radələrində atası Mehmanla birlikdə evlərinə gəliblər. Atası mətbəxdə səhər yeməyi hazırlamağa başlayıb. Həmin vaxt Əhməd Əhmədov atasını öldürmək qərarına gəldiyini deyib:

"Mətbəxdən həmin vaxt bıçağı götürdüm. Atama qəflətən zərbələr vurmağa başladım. Atam həmin vaxt yerə yıxıldı. Həmin vaxt bıçağı və maşının açarını götürüb evdən çıxdım".

Əhməd Əhmədov daha sonra bacısının yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getdiyini deyib:

"Binaya qalxıb, qapını döydüm. Elmira qapını açan kimi bıçaqla ona zərbələr vurdum. Elmira yıxıldı, bu zaman onun qızı Ülviyyə ağlamağa başladı, ona da zərbələr vuran zaman əlindəki bıçaq qırıldı. Mətbəxdən başqa bıçaq götürürək Ülviyyəni də öldürdüm. İki bıçağı da orada qoyaraq oradan çıxaraq ata evimə qayıtdım".

Əhməd Əhmədov deyib ki, avtomobili binanın həyətində saxlayıb və məhlədə olan marketdən siqaret almaq istəyib:

"Əlim qan olduğu üçün siqaret vermədilər. Həmin vaxt anam Pikə və qardaşım Məhəmmədin evə tərəf getdiyini gördüm. Anam məni görən kimi "çıx get bəsdir, ailəmizi çox incidirsən" dedi. Bu sözləri mənə təsir etdi. Həyətdə yerləşən 1001 xırdavat mağazasına girib 20 manata balta aldım və onların arxasınca binaya tərəf getdim. Liftlə qalxdım. Anamgil yuxarı qalxanda balta ilə ona zərbələr vurmağa başladım.

Bu zaman arxadan qonşu qadın anamı niyə vurduğumu soruşanda ona "bas bayıra" deyərək qışqırdım. Anamı öldürəndən sonra qardaşım Məhəmmədi də baltalayaraq qətlə yetirdim. Daha sonra evə girərək baltanı gizlətdim və paltarımı dəyişərək evdən çıxdım. Marketin qabağında polis tərəfindən saxlanıldım".

İstintaqda verilən suallara cavab verən Əhməd Əhmədov qeyd edib ki, atası Mehman, anası Pikə və bacısı Elmiranın onu ailənin övladı kimi saymayıblar, ona diqqət göstərməyiblər:

"Məndən ayrı yaşamaq istədikləri üçün ailə üzvlərimə qarşı böyük nifrət yaranmışdı. Qardaşım Məhəmməd və Elmiranın qızı Ülviyyə də böyüyüb gələcəkdə valideynlərim kimi olacaqları üçün hər birini öldürdüm. Bundan rahatlıq tapdım. Daxilimdəki səs mənə deyirdi ki, ailə üzvlərim ölməlidir".

Vəkilin sözlərinə görə, növbəti məhkəmə iclası bu həfətənin dördüncü gününə təyin olunub.

O bildirib ki, zərərçəkmiş tərəfin təhlükəsizliyi ilə bağlı prosesə media nümayəndələrinin buraxılmaması barədə qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası bu ayın 10-na təyin olunub.

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ittiham irəli sürülüb.

16:04

***16:07

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesə media nümayəndələri buraxılmayıb.

Prosesə media nümayındələrinin buraxılmamasının səbəbi açıqlanmayıb.

***10:37

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə bu gün məhkəmə prosesi başlayır.

BAKU.WS xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Əhməd Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan ediləcək.

Proses bu gün saat 11:00-da başlanacaq.

Qeyd edək ki, sonuncu dəfə Əhməd Əhmədovun məhkəməsi sentyabrın 10-da keçirilib. Həmin gün Əhməd Əhmədov məhkəməyə gətirilmədiyi üçün proses bu günə təxirə salınıb.

Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

Son xəbərlər