SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusdan dünyasını dəyişən qadının cəsədinin dəfn edilməsi üçün xəstəxanadan oğluna təhvil verilməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. Videogörüntüdə koronavirusdan vəfat etmiş şəxslərin dəfnlə bağlı prosedur qaydalarının tam fərqli olduğunu deyən şəxs cəsədi maşında aparır və özünün də virusa yoluxacağından ehtiyatlanır.

BAKU.WS xəbər verir ki, Gəncədə çəkildiyi və meyitin 3 saylı xəstəxanadan vəfat edən şəxsin oğluna verildiyi bildirilən videogörüntü sosial şəbəkələrdə ciddi müzakirələr yaradıb.

Məsələ ilə bağlı "Cebhe.info"nun sorğusunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi belə cavablandırıb: “29.07.2020-ci il tarixdə sosial şəbəkələrdə Gəncə şəhərində çəkilmiş video-görüntü ilə əlaqədar Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovun verdiyi məlumata görə, sözügedən hadisədə az müddət xəstəxanada qalmış və vəfat etmiş mərhumun meyiti 29.07.2020-ci il tarixdə, saat 12:00-da Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Gəncə şəhər şöbəsinin meyitxanasına gətirilib.

Koronavirus (COVİD-19) infeksiyası səbəbindən vəfat etmiş şəxslərin və ya buna şübhə hallarında meyitlərinin müayinəsi və dezinfeksiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22.03.2020-ci il tarixli, 22 saylı əmrində nəzərdə tutulmuş qaydalara (“COVİD-19 infeksiyasına yoluxma səbəbindən vəfat etmiş şəxslərin meyitlərinin müayinəsi, daşınması və dəfninə dair qaydalar) əsasən həyata keçirilir. Meyitlərin yuyulması “MTE və PA Birliyi”nin respublikanın bütün rayon və şəhər şöbələrinin işçiləri tərəfindən mütləq qaydada müvafiq fərdi mühafizə vasitələrindən (birdəfəlik kombinezon, üz maskası, eynək, ikiqat əlcəklər, uzunboğaz çəkmələr və s.) istifadə etməklə həyata keçirilir.

Bütün bədən səthini əhatə etmək şərtilə meyit əməkdaşlarımız tərəfindən müvafiq məhlullarla dezinfeksiya edilir, sonra təmiz su ilə yuyulur. Meyit az miqdarda quru xlor əhəngindən də istifadə etməklə 5-6 qat polietilenlə bükülərək kip şəkildə bağlanır, bundan sonra isə meyitin məscidlərə, həyətlərə və evlərə aparılmasına ehtiyac olmasın deyə dini adət-ənənələrə uyğun olaraq bir neçə qat ağ bezə (kəfənə) bükülür və bağlanılır. Bütün bunların həyata keçirilməsi üçün isə şöbələrimiz Səhiyyə Nazirliyi tərəfindən lazımi vasitələrlə tam şəkildə təchiz edilmişlər. Bu şəkildə dezinfeksiya edilərək yuyulmuş, bükülərək bağlanmış meyit yoluxuculuq nöqteyi-nəzərdən ətraf mühit üçün tamamilə zərərsiz olur.

Bükülmüş meyit daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının da iştirakı və ya nəzarəti ilə dəfn məqsədilə mərhumun yaxınları tərəfindən təyin edilmiş və gətirilmiş avtomobilə qoyularaq onlara təhvil verilir. Bu barədə dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin köməkliyi ilə istər müsahibə ilə, istərsə də yazılı şəkildə ətraflı bildirişlər verilib, əhali və aidiyyətli qurumlar məlumatlandırılıb. Meyit yaxın adamlarına təhvil verilərkən bu barədə əməkdaşlarımız tərəfindən yerli hüquq-mühafizə orqanlarına, bəzən isə hətta meyitin aparıldığı rayonun da hüquq-mühafizə orqanlarına və Rayon İcra Hakimiyyətlərinə məlumat verilir”.

BAKU.WS
VİDEO