SİZİN REKLAM BURADA!
055 213 76 73


İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib.

Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.

Həmçinin, 02.05.1964-cü il təvəllüdlü Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.

Qeyd olunan istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, uzun müddətdən bəri Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirən Ermənistan 2020-ci ilin sentyabr ayında xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirməyə başladı. Sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılmışdı.

Azərbaycan isə öz növbəsində, dəfələrlə vurğulamışdı ki, işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tanımır.

Sirr deyil ki, Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışır.

Onlar həmçinin işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə faktiki olaraq həmin insanları özünün məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevirirdi.

Əlavə edək ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti müharibə cinayətidir.

Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.

Və ən əsası, Ermənistanın özünün də qanunvericiliyinə görə də, bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququnun ciddi pozuntusu sayılır, və buna görə 8-12 il cəza nəzərdə tutulur.

BAKU.WS
QALEREYA