SİZİN REKLAM BURADA!
055 213 76 73



Adı uşaq ölümündə hallanan həkim-ginekoloq Səbinə Baharzalova işindən kənarlaşdırılıb.

BAKU.WS
-in əldə etdiyi məlumata görə, bu qərar Baharzalovanın çalışdığı 7 saylı Doğum Evinin rəhbərliyi tərəfindən verilib.

Məlumatı S.Baharzalovanın özündən dəqiqləşdirmək məqsədilə ona zəng etdik. O, sualımıza cavab vermək əvəzinə bizi günahlandırdı: "Xanım, nə istəyirsiz? Məni biabır etdiniz, indi niyə zəng edirsiz? Mənim işə çıxıb-çıxmamağımın jurnalistikaya nə dəxli var? Sizin nəyinizə lazımdır?"

Xatırladaq ki, 12 avqust tarixində 1992-ci il təvəllüdlü Bakı sakini Aytən Sadıqovanın 7 saylı Doğum Evində dünyaya gətirdiyi 3 kq 500 qram çəkili oğlan uşağı doğuşdan 45 dəqiqə sonra ölüb. Hamiləliyi normal keçən və hamiləliyin sonuncu həftəsində doğuş sancıları ilə xəstəxanaya müraciət edən gənc qadın körpəsinin ölümündə doğuşu qəbul edən həkim-ginekoloq Səbinə Baharzalovanın günahlandırır.


Səbinə Baharzalovanın BAKU.WS-ı günahlandıran açıqlaması: Məni biabır etmisiz

A.Sadıqova iddia edir ki, doğuşunda yaranan problemlərin qeysəriyyə əməliyyatına göstəriş olmasına baxmayaraq, Baharzalova əməliyyata qəti etiraz edib: "Sancılarım dözülməz olduğundan qeysəriyyə əməliyyatı istədik. Hətta anam qışqırıqlarımı eşidib, həkim Səbinə Baharzalovaya dedi ki, nə sənəd lazımdırsa verin, imzalayaq, qızımı əməliyyata salın, təki qızım belə əziyyət çəkməsin.

S.Baharzalova anama və mənə barmağını silkələyərək qışqırdı ki, mənə göstəriş verməyin, nə etmək lazımdırsa, özüm bilirəm. Normalda həkim vəziyyətimə görə qeysəriyyə əməliyyatına qərar verməli idi. Mənim və körpəmin həyatını riskə atmamalı idi"Anam mənim qeysəriyyə əməliyyatına salınmamı istədikdə isə, üstümüzə qışqırdı".

Körpəsini itirən Sadıqova təbii yolla həyata keçirilən doğuş prosesi zamanı S.Baharzalova tərəfindən mənəvi və fiziki təzyiqlərə məruz qalıb. Şikayətçi 3.500 kq çəkidə doğulan körpəsinin ölümünə səbəb kimi doğuş prosesində həkimin dirsəyilə qarnına vurduğu zərbələrin səbəb olduğunu iddia edir:

"12 saat sancı çəkməyimə baxmayaraq, uşaq doğulmurdu. Uşağım doğulanda nəfəs alırdı. 45 dəqiqə sonra mənə öldüyünü xəbər verdilər. S.Baharzalovadan səbəbini soruşdum, uşağın ciyərlərinin açılmadığıını söylədi. Daha sonra özü də mənə etiraf etdi ki, uşağın azad olması üçün dirsəyimlə basmışam. Amma basmırdı, dirsəyilə güclü zərbələr vururdu".

Həkim Səbinə Baharzalova BAKU.WS-ə açıqlamasında iddiaları qəbul etmədiyini deyir: "Əlbəttə, biz də istəməzdik belə olsun. Təbii ki, övladını itirən ana indi hirslidir, depresiyadadır, hər söz deyə bilər. Gəlin razılaşaq ki, heç bir həkim ananın dediklərini etməz. Bura həbsxana deyil ki, dirsəyimizlə basıb öldürək. Biz də bilmirik uşaq niyə ölüb. Ola bilsin hamilə vaxtı ana viruslu xəstəliklər keçirib. Həm də uşağın göbək ciyəsi boğazına dolaşmışdı. Uşağın ölüm səbəbi ekspertizanın cavabından sonra bilinəcək. Bu işlə bağlı prokurorluğa izahat vermişəm".

Qeyd edək ki, 12 avqustda 7 saylı Doğum Evində baş verən körpənin ölüm faktı Nizami rayon Prokurorluğu tərəfindən araşdırılır.

Zülfiyyə Qurbanova
BAKU.WS


Ürəyi zəif olanlar baxmasın