SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında mübahisə və gərginlik yaranmasını əks etdirən görüntü yayılıb.

BAKU.WS xəbər verir ki, yayılan videodan göründüyü kimi yol polisi sürücüdən sənədlərini təqdim etməsini istəyir.

Lakin vətəndaş polisin tələbini yerinə yetirmir və o da öz növbəsində yol polisindən sənədlərini göstərməsini istəyir. Nəticədə polislə vətəndaş arasında mübahisə yaranıb.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, təqdim edilən video Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb:

“Bu hadisə səhər saatlarında paytaxtın “20 Yanvar dairəsi” kimi tanınan ərazisində yol polisləri xidmət apararkən baş verib. Heç kimə sirr deyil ki, həmin ərazidə xidmət aparan polis əməkdaşları intizamsızlığa meyilli olan sürücülər aşkarlayırlar.

Təəssüflər olsun ki, bu hadisəni də kənardan sanki polis-sürücü münasibətlərini gərginləşdirən hal kimi düşünənlər var. Həmin anları da sosial şəbəkələrdə məhz bu formada yayırlar”.

Qurum rəsmisi deyir ki, dayanma-durma tələblərinin yerinə yetirilməsinə nəzarət gücləndirilir: “Bildirim ki, “20 Yanvar dairəsi” və “Şamaxinka” kimi tanınan ərazi paytaxtımıza şimal tərəfindən giriş-çıxış qapısıdır. Bu ərazidə əmələ gələn süni sıxlıq və tıxacdan narahatlıqlar yaranır.

Belə hallar isə daha çox həmin ərazidə qeyri-qanuni taksi fəaliyyətilə məşğul olanların, yaxud sürücülər tərəfindən dayanma-durma tələblərinin, eləcə də yolların hərəkət hissəsində ikinci cərgədə saxlayaraq sərnişin gözləyən şəxslərin hesabına baş verir. Ona görə də bu ərazidə yol polisi əməkdaşlarının xidmətində nəzarət gücləndirilib. Həmin ərazilərə əlavə naryadlar cəlb edilib”.

Vaqif Əsədov deyir ki, videodan da göründüyü kimi, səhər saatlarında həmin ərazidə xidmət aparan yol polisi sürücünü nizam-intizama dəvət edib:

“Yol polisi onun qeyri-qanuni hərəkətlərini sənədləşdirmək istəyib. Lakin sürücü polisə tabe olmaqdan boyun qaçırıb. Məhz bu səbəbdən həmin əraziyə post-patrul xidmətindən əməkdaş dəvət edilib. Onun köməyilə sürücü bölməyə aparılıb.

Ümumiyyətlə, dünən səhər saatlarında “Velotrek” kimi tanınan ərazidə 41 dayanma-durma tələbini pozan sürücüyə inzibati protokol tərtib edilib.

Eyni zamanda qeyri-qanuni sərnişin daşımaya görə 3 kiçiktutumlu mikroavtobuslar aşkarlanıb və müvafiq sənədləri olmadığına görə dayanacaqlara yerləşdirilib.

Həmçinin polisin qanuni tələbini yerinə yetirməyən 4 sürücü post-patrul əməkdaşlarının köməyilə müvafiq bölmələrə aparılıb. Onların barəsində sənədləşdirilmə işi tərtib edilib.

Sonda sizin vasitənizlə vətəndaşlarımızı, sükan arxasında olan sürücülərimizi və hərəkət iştirakçılarımızı məhz bu ərazidə xüsusilə nizam-intizamlı olmağa dəvət edirik.

Bu gün belə videolar çəkib sosial şəbəkələrdə yerləşdirərək polis və vətəndaş arasında gərginlik yaranması kimi təqdim etmək düzgün deyil.

Əgər həmin ərazidə polis əməkdaşı xidmət aparırsa, onun qanuni tələbləri sözsüz yerinə yetirilməlidir. Belə görüntüləri çəkib sosial şəbəkələrdə yaymaqdansa, vətəndaşları nizam-intizamda fəallığı artırmağa təşviq etmək daha xeyirli iş olar”.

BAKU.WS
VİDEO