SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" və "Sabah"ın avrokuboklardakı qələbələri mənə bir qədər ruh yüksəkliyi verdi".

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən Dünya Kubokunda 1/8 finala yüksələn Azərbaycan şahmatçısı Nicat Abasov yarışın rəsmi saytına açıqlamasında deyib.

Karyerasında ilk dəfə adını bu raunda yazdıran qrossmeyster bildirib ki, 1/16 finalda FİDE adından çıxış edən Pyotr Svidlerlə ikinci klassik partiya tez başa çatdığı üçün vaxt taparaq stadiona gedib: "Qarabağ" - HİK görüşündə Azərbaycan çempionuna dəstək oldum. İkinci hissənin ilk dəqiqələrində hətta azarkeşlərə qoşularaq komandanı irəli səsləyirdim. Ona görə səhər səsimin tutulduğunu hiss etdim".

Abasovun sözlərinə görə, klassik partiyalarda hər iki tərəfdə müəyyən şanslar var idi: "Birinci partiyada məğlub ola bilərdim. Rəqib lazımi gedişləri edə bilmədi. İmkanlardan istifadə edərək vəziyyəti düzəltdim və oyun heç-heçə yekunlaşdı. İkinci klassik partiya da bərabərliklə başa çatdığından tay-brekdə oynamalı olduq".

Şahmatçı deyib ki, Aniş Giri üzərində qələbədən sonra qazandığı ruh yüksəkliyi də ona kömək olub: "Öz oyunumu oynadım. İlk rapid görüş heç-heçə sona çatdı. İkinci oyunda qara fiqurlarla oynamağıma baxmayaraq, düzgün gedişlərlə qələbə qazanmağı bacardım".

Abasov ona dəstək olan şahmat həvəskarlarına təşəkkür edib: "Mənə görə yarış məkanına gələn bütün insanlara "çox sağ ol" deyirəm. Bu gün bir nəfər oyunu canlı izləmək üçün Beyləqandan gəldiyini dedi. Belə insanlar bizə əlavə güc verir. Dünya Kubokunda 1/8 final çox ağır mərhələdir. Bu raundda zəif rəqib olmur. Layiqli çıxışımı davam etdirmək üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Dünya Kubokunun 1/8 finalında Nicat Abasovun rəqibi Saleh Salem (BƏƏ) olacaq.

BAKU.WS