SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ad günüdür. Azərbaycanlı məşqçinin 51 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, Qurban Osman oğlu Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban valideynlərinin sonuncu övladıdır.

9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib.

Onun peşəkar karyerası doğma Zaqatalanın "Daşqın" komandası ilə başlayıb. Daha sonra onun karyerası "Alazani" (Gürcüstan), "Turan" (Tovuz), "Kür-Nur" (Mingəçevir), "Neftçi", "Dinamo" (Stavropol, Rusiya), "Baltika" (Rusiya), "Fakel" (Rusiya), "Neftçi", "Volqa-Qazprom" (Rusiya), "Neftçi" və "İnter" komandalarında davam edib.

1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Q.Qurbanov 68 oyuna 14 qol vurub. 

Futbolçu karyerasını bitirdikdən sonra "İnter" klubunda idman direktoru kimi işə başlayan Q.Qurbanov "Neftçi"də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək "Qarabağ"a baş məşqçi təyin olunub. Bu müddətdə o, "Qarabağ"a 7 dəfə çempionluq yaşadıb, 4 dəfə Azərbaycan kubokunu qazandırıb. 2017/18 mövsümündə "Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.

Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk mütəxəssisdir. O, konfrans Liqasının 1/8 finalında "Marsel"lə Bakıdakı görüşündə İbrahima Vadjinin əllə vurduğu qol qeydə alındıqdan sonra futbolçularla məsləhətləşərək hakimə topu ləğv etməyi bildirərək feyr-pleyə imza atıb.

2022-ci il aprelin 13-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.

Qurban Qurbanov evlidir, 3 övladı var.

BAKU.WS