SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət milli komandanın üzvləri, məşqçi və dəstək heyəti ilə görüşüb.

BAKU.WS federasiyanın yaydığı məlumata istinadən xəbər verir ki, o, 23 - 26 iyunda Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatındakı yüksək nəticələrə görə idmançıları təbrik edib. R.Nəbiyev yığmanın 3 qızıl, 1 gümüş və 4 bürünc olmaqla fərdi yarışlarda 8 medal əldə etdiyini və bunun 2004-cü ildən etibarən qazanılan ən yaxşı nəticə olduğunu qeyd edib.

Federasiya prezidenti vurğulayıb ki, kollektiv medal sıralamasında ümumi hesabda 2-ci yeri, oğlanlar arasında isə 1-ci yeri tutub

Komanda yarışlarında bürünc medal qazanıldığını xatırladan ACF prezidenti Azərbaycanın cüdo tarixində ilk dəfə bu uğura imza atıldığını xüsusi vurğulayıb.

R.Nəbiyev bildirib ki, bütün bu nəticələr ölkə rəhbərliyinin idmana, o cümlədən cüdoya olan qayğısı və dəstəyi nəticəsində əldə edilib. O, yeniyetmə cüdoçulara özlərini tək idmançı kimi deyil, həm də layiqli vətəndaş kimi yetişdirmələri üçün tövsiyələrini verib, təhsillərinə xüsusi diqqət yetirmələrinin vacibliyini qeyd edib.

Görüş zamanı yeniyetmə oğlanlardan və qızlardan ibarət yığmanın məşqçiləri 24 - 28 avqustda Bosniya və Herseqovinada keçiriləcək dünya çempionatına hazırlıq barədə məlumat veriblər. Onlar Azərbaycanda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışlarında iştirak etdiklərini, hazırlıqla bağlı bütün lazımi şəraitin yaradıldığını bildiriblər.

R.Nəbiyev qarşıdan gələn nüfuzlu yarışda cüdoçulara uğurlar arzulayıb.

Görüşdə ACF-in vitse prezidenti Elnur Məmmədli, federasiya prezidentinin müşaviri Natiq Bağırov və qurumun baş katibi Rəşad Rəsullu da iştirak ediblər.

BAKU.WS
QALEREYA