Ağdam Sənaye Parkında 1230 daimi iş yeri yaradılıb

Ağdam Sənaye Parkında 1230 daimi iş yeri yaradılıb
Foto
Sosial 10

Ağdam Sənaye Parkına 180 milyon manata qədər investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ağdam Sənaye Parkına təşkil edilən mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev deyib.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkı rezidentlərin sayı baxımından ölkədə ikinci ən böyük sənaye parkıdır:

"Burada 30 sahibkara rezidentlik, dörd sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu günə kimi sahibkarlar tərəfindən Parka 180 milyon manata qədər investisiya yatırılıb və 1230 daimi iş yeri yaradılıb. Yaradılan iş yerlərində əsasən Ağdam və ətraf rayonların sakinləri çalışırlar. Məlumat üçün qeyd edim ki, hazırda Parkda 12 müəssisə fəaliyyət göstərir, daha 12-nin tikintisi davam etdirilir. Eyni zamanda, 10 müəssisə hazırda layihələndirmə mərhələsindədir. 2026-cı ilin altı ayı ərzində sahibkarlar tərəfindən 976 milyon manatlıq məhsul satışı həyata keçirilib. 42 milyon manatlıq məhsul müxtəlif ölkələrə ixrac edilib".

Ağdam Sənaye Parkında 1230 daimi iş yeri yaradılıb

T.Quliyev qeyd edib ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən BAFCO ayaqqabı fabrikinin də məhsulları bir sıra ölkələrə ixrac olunur. Fabrikdə hazırda 80-ə yaxın əməkdaş çalışır və onların böyük əksəriyyəti Ağdam rayonundan olan keçmiş məcburi köçkünlərdir:

"Hazırda fabrikdə poliuretan 20-yə qədər model üzrə çəkmə və ayaqqabılar istehsal edilir. Burada istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara çıxarılır. Artıq Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Qazaxıstana fabrikin məhsulları ixrac edilir. Yaxın zamanlarda Ağdamda istehsal edilən məhsulların Avropa, Yaxın və Orta Şərq ölkələrinə də ixrac edilməsi gözlənilir".

O əlavə edib ki, Ağdam Sənaye Parkında həmçinin yüksək gərginlikli elektrik dirəklərinin də istehsalı həyata keçirilir:

"Burada yüksək gərginlikli elektrik dirəkləri istehsal olunur və ölkənin bütün bölgələrinə göndərilir. Hazırda müəssisədə Ağdamdan olan 17 keçmiş məcburi köçkün işləyir. Dövlət tərəfindən dəstək verilən müəssisə əsasən Çin istehsalı olan avadanlıqlarla təchiz olunub".

Mediatur çərçivəsində Ağdam Sənaye Parkında elektrik paylayıcı qurğuları istehsal edən fabrikə də baş çəkilib. Bildirilib ki, burada əsasən aşağı və orta gərginlikli elektrik paylayıcı qurğuları istehsal edilir. Bu müəssisədə də çalışanların əksəriyyəti keçmiş məcburi köçkün olan gənc kadrlardır.

T.Quliyev həmçinin məlumat verib ki, Ağdam Sənaye Parkında istehsal edilən divar kağızları yüksək keyfiyyəti ilə seçilir:

"Ağdam Sənaye Parkının rezidenti olan "Mister Decor" MMC işğaldan azad edilmiş ərazilərdə yaradılan ilk sənaye müəssisələrindən biridir. Müəssisə Cənubi Qafqazda divar kağızı istehsalı üzrə ilk ixtisaslaşmış zavoddur. Zavodun illik istehsal gücü 2,1 milyon rulondur və istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac edilir. Hazırda müəssisədə 50-yə yaxın əməkdaş çalışır".

Ağdam Sənaye Parkında fəaliyyət göstərən aşağı və orta gərginlikli elektrik qurğuları istehsal edən müəssisə haqqında məlumat verən T.Quliyev bildirib ki, burada istehsal ən müasir texnologiya əsasında həyata keçirilir və işə qəbul zamanı doğma yurdlarına qayıdan gənc kadrlara üstünlük verilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər