SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın işğal altında olan torpaqlarında Azərbaycan və Ermənistan qoşunlarının hərbi əməliyyatları davam edir. Sarsıdıcı zərbələr alan düşmən Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaralardan, artilleriya qurğularından intensiv atəşə tutur.

Qoşunların təmas xəttində yaşanan olaylar, ordunun döyüş əzmi, xalqın əhval-ruhiyyəsi ilə bağlı müşahidələrini "Şərq”lə bölüşən "ANS” telekanalında neçə illərdir yayımlanan "Marş” verilişinin aparıcısı, ehtiyatda olan mayor Rahib Qəribin sözlərinə görə, cəbhə bölgəsində vəziyyət çox yaxşıdır. Ordumuzun döyüş əməliyyatları davam edir. Gözləntilərimiz həddindən artıq çoxdur. Müdafiə Nazirliyinə istinadən yayılan bütün informasiyalar da ordumuzun gücünün göstəricisidir. Əsgərlərimiz düşmənin bir neçə mühüm strateji əhəmiyyət daşıyan atəş nöqtələrini dağıdıb, çox sayda canlı qüvvə və hərbi texnikasını məhv edib.

- Ölkədə döyüş ab-havası necədir, ruh yüksəkliyi var?

- Azərbaycan torpaqlarının işğal altında olması, yurd həsrəti bizim hər zaman yaralı yerimiz olub. Neçə illərdir bütün Azərbaycan xalqı bu ağrı-acını öz çiyinlərində gəzdirib. Bu gün isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində sanki bu yük azalmağa başlayıb. Ordumuzun da, xalqımızın da əhvalı kifayət qədər yüksəkdir. Bu da təbiidir, çünki biz illərdir məhz bu günün ümidi ilə yaşayırdıq. Dağlıq Qarabağ münaqişəsi istiqamətində heç bir irəliləyişin olmaması hər bir azərbaycanlının səbr kasasını daşırıb. Beynəlxalq təşkilatların haqsız mövqeyi xalqı o qədər bezdirmişdi ki, bu gün cəbhədə baş verənlər xalqın bütün sevincini özünə qaytardı. Hamı geri qaytarılan hər bir qarış torpağın uğurunu ürəkdən yaşayır. Bütün bunları bizə yaşadan isə güclü ordumuzun var olması, müdafiə sənayesi sahəsində əldə olunan inkişafdır. Bəzi insanlar bizim bu barədəki açıqlamalarımızı pafos kimi qəbul edirdilər. Amma ordumuzun hər gün bir az daha irəliləməsi onu göstərir ki, dediklərimiz heç də sadəcə pafosdan ibarət deyildi. Hələ daha xoş xəbərlər alacağıq. Sadəcə məxfiliyin qorunması ilə əlaqədar informasiyalar az yayılır. Onu deyə bilərəm ki, bu gün cəbhə xəttində baş verənlər "Qafqazda ən güclü ordu Azərbaycan ordusudur” deyiminin tam təsdiqidir.

- Deməli, məlum olanlar hələ uğurun başlanğıcıdır?

- İctimaiyyətə açıqlanan məlumatlar Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərin bəlkə də 10-15 faizini əks etdirir. Əməliyyatlar hələ də davam etdiyi üçün hər şeyi açıqlamaq olmur. Çünki biz sabahları ordumuzun hansı əməliyyatlara imza atacağını bilmirik.

- Bəs, mediamızın bu istiqamətdəki fəaliyyətini necə dəyərləndirirsiniz?

- Biz eyni zamanda düşmənlə informasiya müharibəsi aparırıq. Ordu ilə bağlı lazımi informasiyalar yayılır. Hətta deyərdim informasiya "bolluğu” var. Çünki yayılan informasiyaların bir qismi həqiqəti əks etdirməyən, bir qismi isə köhnə məlumatlardır. Bəzi media orqanları öz reytinqlərini artırmaq üçün köhnə məlumatlardan, kadrlardan yeni xəbər kimi istifadə edib, cəmiyyətdə yanlış rəy formalaşdırırlar. Bütün bunlara rəğmən əməliyyatlarla bağlı dolğun və dürüst məlumatlar yayan televiziyalar, qəzetlər də kifayət qədər idi. Vacib olan da odur ki, mətbuatın aparıcı hissəsi öz təmkinlərini qoruyub saxlamağı bacardılar. Demək olar ki, sanballı media orqanlarının heç biri bu dəfə dezinformasiyalar yaymadı. Mənə elə gəlir ki, dəqiqləşdirilməmiş kadrları yaymaq doğru deyil, bir az daha səbirli olmalıyıq. Bu gərgin situasiyadan üzü ağ çıxmaq üçün ordumuza mənəvi dəstəyimizi əsirgəməməliyik. Həmin görüntüləri sevinclə yaymaq üçün vaxtımız çox olacaq. Müdafiə Nazirliyinin özünün də çəkiliş imkanları var və döyüş görüntüləri gələcəkdə paylaşılacaq. Bu gün üçün isə sadəcə diqqətli olmalıyıq.

- Bəs, hərbi jurnalistika sahəsindəki çatışmazlıqların nə kimi təsirləri var?

- Bu sahə dəfələrlə bizim söhbətimizin mövzusu olub. Hesab edirəm ki, bu sahə ölkəmizdə professional şəkildə formalaşmasa da, bu istiqamətdə müəyyən addımlar atan adamlar var. Hərbi jurnalistika təkcə döyüşü kadra almaq demək deyil. Bu işlə məşğul olan insanlar stabillik dövründə də orduya dəstək verməlidir. Gördüyünüz kimi, "ANS” televiziyası çəkiliş aparmaq üçün Qarabağ savaşında iştirak etdiyi heyətlə yenidən cəbhəyə yollandı. Təbii ki, bu həm də rəmzi xarakter daşıyırdı. Cəbhə jurnalistlərinin bir nümayəndəsi olaraq, fəaliyyətimiz məni tam qane etmir. Çünki bizim savaş tarixçilərimiz, siyasi araşdırmaçılarımız çox azdır. Hansı ki, hərbi jurnalistika məhz bu istiqamətdə inkişaf etməlidir.
 
BAKU.WS