SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallı rayonunda toyundan sonra dünyasını dəyişən 16 yaşlı qızın ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, baş vermiş hadisə cinayət faktı hesab edilir və qurum tərəfindən araşdırmalar aparılacaq.

“Azərbaycanda və dünyada da 18 yaşına çatmamışlar yetkinlik yaşına çatmamış şəxslər hesab olunurlar. Azərbaycanda da qadın və kişilər üçün nikah yaşı 18 yaş hesab edilir.

Baş vermiş faktla bağlı bildirirəm ki, qeyri-rəsmi nikah münasibətləri bağlanılıb. Bu da qanunvericiliklə cinayət hesab edilir. Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunublar. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”, - deyə Elgün Səfərov bildirib.

Qeyd edək ki, Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

Hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı Rayon Prokurorluğundan məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

Vəfat edən qız 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızıdır.

Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, mərhum qızın 16 yaşı olub: “Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”.

Ziya SƏCCAD
BAKU.WS