SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən idarənin rəisi Kamran Əliyev bildirib ki, iqtisadi sferada sistemli olaraq gerçəkləşdirilən vergi və gömrük siyasətinin optimallaşdırılması, insan kapitalının inkişafı, kiçik və orta sahibkarlığın maliyyə resurslarına əlçatanlığı, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirlər bir tərəfdən makro-iqtisadi mühitin dayaqlarını daha da möhkəmləndirmiş, digər tərəfdən isə kölgə iqtisadiyyatının əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb:

“İqtisadi səmərəlilik göstəricilərinin artan tempi ötən il öz müsbət nəticələrini əhalinin sosial müdafiəsi sahəsində də göstərib, bu istiqamətdə həyata keçirilmiş islahatlar paketi vasitəsi ilə vətəndaş rifahı naminə əhəmiyyətli addımlar atılıb.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini verib, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb”.

K.Əliyev sözlərinə əlavə edib ki, bütün bu nailiyyətlər mötəbər beynəlxalq reytinqlərdə də öz əksini tapıb, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb:

““İnklüziv inkişaf indeksi” adlı illik hesabatda Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib, habelə Dünya Bankı tərəfindən yayılan “Doing Business 2020” hesabatında Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub”.

Ziya Babayev
BAKU.WS