SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya Federasiyasının dövlət universitetlərinin birində oxudu, diplomunu Azərbaycanda tanıtdırmaq üçün müsibətlər yaşadı.

BAKU.WS xəbər verir ki, bu barədə big.az-a məlumat verən Orxan Məmmədli diplomunu Təhsil Nazirliyi tərəfindən təsdiq etdirmək üçün məhkəmələrdə süründüyünü, Apellyasiya məhkəməsinin Ali məhkəmə ilə üz-üzə dayandığını və nazirliyin Bakı Apellyasiya Məhkəməsinə təzyiq etdiyini bildirdi: "Təhsil Nazirliyi ilə Appelyasiya Məhkəməsini bağlayan nədir? Ədalətin sözçüləri olan appelyasiya hakimlərinə nazirlikdən kim və necə təyziq edir? Əgər bu ali qurumda belə hüquqularımız tapdalanırsa... Hara üz tutaq? Təkcə 2017-ci ilin başlanğıcından bu günədək Appelyasiya Məhkəməsində Təhsil Nazirliyi ilə bağlı məhkəmə iclasları keçirilib. Mən digər məsələləri kənara qoyub, yalnız diplom tanınması ilə bağlı olan dəqiq rəqəmi nəzərinizə çatdırıram. 53 qərardan 50-si məhz Təhsil Nazirliyinin xeyrinə olub. Digərlərindən 2-si barışıqla, 1-i isə vətəndaşın xeyrinə qərar çıxardıb. Beləliklə 53 şikayətdən cəmi 1 vətəndaş haqlıdır? Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın təhsil alma hüququna malik olduğu vurğulanıb.


Davam edən məhkəmə çəkişmələrində birinci instansiya məhz vətəndaşın xeyrinə qərar verir. Hətta Aliverici orqan olan Ali Məhkəmə appelyasiyanın qərarını ləğv edib, işə təkrar baxıb, ədalətli qərar çıxarmasını tələb edir. Ancaq appelyasiya yenə də öz ampluasında davam edir...

Burada haqlı, yerində yaranmış suala kim cavab verəcək? Təhsil nazirliyinin appelyasiyaya təyziq etdiyi, qarşılıqlı cavab aldığı açıq-aşkar görsənir.

Ümumilikdə Təhsil Nazirliyinin Appelyasiya Məhkəməsində aparılan 100 % işdən 95 % məhz nazirliyin xeyrinə həll olunur. Bu ölkədə vətəndaş haqlı ola bilməz? Təbii ki ola bilər. Appelyasiya da digər ədalətli məhkəmə orqanları kimi düzgün qərar çıxarsa.

03.10.2017 tarixdə Appellyasiya Məhkəməsinin məhz bununla bağlı yekun qərarı keçiriləcək. Hər bir KİV nümayəndəsini bu iclasa dəvət edirəm. Gəlin “ədalət”i birgə seyr edək.

2016-ci ilin başlanğıcında Təhsil Nazirliyinə diplomumun tanıması ilə bağlı müraciət etdim və rüşvət qalmaqalına düşdüm. Nazirliyin əməkdaşı diplomu təsdiq etmək üçün, endirimli qiymətlə məndən 7 min AZN tələb etmişdi".


Vətəndaş Orxan Məmmədlinin şikayətinin nə dərəcədə haqlı olması ilə bağlı təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. Bu barədə bizə danışan ekspert nazirliyin Nostirifikasiya və Akkretidasiya İdarəsinin nazirliyin fəaliyyətinə, eləcə də ölkənizin beynəlxalq nüfuzuna ləkə gətirdiyini, idarənin doğru-düzgün fəaliyyət göstərmədiyini bildirdi:

"Azərbaycan müstəqillik əldə etdikdən sonra özünün yerli kadr ehtiyaclarını ödəməsi üçün həm dövlət səviyyəsində, həm də vətəndaşların şəxsi hesabına xaricdə təhsil dövlət tərəfindən yüksək səviyyədə tənzimlənir. Bununla bağlı 2001-ci ildə xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı Ümumilli Liderimiz Heydər Əliyev qanun layihəsi də təsdiq edib. Təəssüflər olsun ki, son 5 il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Nostirifikasiya və akkretidasiya idarəsi xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı onların hüquqlarını ciddi şəkildə pozur. Bu gün sözügedən idarə Təhsil Nazirliyinin fəaliyyətinə ciddi şəkildə ziyan vurur. Onlar son illər ərzində böyük sayda şəxslərin diplomlarının tanınması ilə bağlı problemlər yaşatdılar. Onların hal-hazırda diplomlardan imtina ilə bağlı yazdığı qərarların heç birinin əsası yoxdur. Bu ciddi şəkildə qanun pozuntusudur.

Bildiyiniz kimi, 1996-cı ildən Beynəlxalq Konvensiya qəbul edilib. Həmin konvensiyaya görə dövlətlər əgər qarşılıqlı olaraq bir-birlərini tanıyırlarsa, həmin dövlətlər arasında rəsmi hüquqi sənədlər varsa, o zaman diplomların tanınması ilə bağlı heç bir problem yaşana bilməz. Azərbaycan həm də 2001-ci ildə Avropa şurasının tam hüquqlu üzvüdür. Bu həm də o deməkdir ki, Avropa Şurasında təmsil olunan ölkələrin diplomları birmənalı olaraq tanınmalıdır. Lakin nazirliyin sözügedən idarəsi qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq diplomlardan imtina edir.

Sual oluna bilər, diplomlardan imtinanın əsas səbəbi nədir?
Sizin həmin ölkədə olduğunuz müddət azdır. Yəni təhsil müddətiniz Azərbaycanla uyğun deyil. Bu qədər qeyri-peşəkar yanaşma ola bilməz. İmtahanların statistikasına nəzər salsaq 2016-cı ildə 1500 nəfərin diplomun tanınmasından imtina edilib, geridə qoyduğumuz 9 ay ərzində 960-dan çox diplomun tanınmasından imtina edilib.

Tanınma prosedurlarına görə, siz Nostrifikasiya və akkreditasiya idarəsinin rəsmi internet səhifəsində özünüzə şəxsi kabinet yaratmalısınız, oradan tələb olunan sənədləri yerləşdirirsiniz. Həmin idarə ilkin olaraq sorğu göndərir Dövlət Sərhəd Xidmətinə ki, sizin ölkədən çıxma müddətiniz nə qədərdir? Siz əmin olun ki, bu qədər dünyada qəbul edilməyən, qeyri-peşəkar prosedur yoxdur.

Burada nəzərə alınmalıdır ki, tələbənin təhsil aldığı ali təhsil müəssisəsi öz dövlətində tanınırmı? Əgər həmin universitet öz ölkəsində tanınırsa, Azərbaycan vətəndaşı o universitetdə təhsil alırsa, onların diplomu heç bir prosedur qaydaları olmadan avtomatik olaraq tanınmalıdır. Nazirliyin Nostrifikasiya idarəsinin tanımadığı diplomlar sırasında dünyanın bir çox beynəlxalq reytinq siyahısında olan universitetlərin diplomları da var. Amma Azərbaycanın heç bir universitetinin adı beynəlxalq reytinq siyahısında yoxdur. O zaman belə çıxır ki, biz ilk birinci öz diplomlarımızı tanımamalıyıq.

Tanınmamağa səbəb kimi yenə də qeyd edirəm ki, həmin ölkədə az müddətdə olması göstərilir. Amma bunu da unutmaq olmaz ki, Rusiya, Ukrayna, Dərbənd və s. ölkələrdə fəaliyyət göstərən universitetlərdə təhsil alan qiyabi tələbələr üçün semestr müddəti bir həftədir. Axı semestri və onun müddətini tələbə özü müəyyən etmir? Semestri və onun müddətini həmin təhsil müəssisəsi özü təyin edir. Ona görə də bu imtinaya əsas ola bilməz. Əyani təhsil alanlar isə bir semestr ərzində minimum 90 gün ərzində həmin ölkədə olmalıdırlar. Yenə də bu müddəti tələbə özü müəyyən etmir. Bu müddəti ali təhsil müəssisə ancaq özü müəyyən edir.

Bu gün həmin idarənin fəaliyyəti ilə bağlı heç bir şəffaf mühitdən söhbət gedə bilməz. Eləcə də bundan narazı olan tələbələrin hüquqlarını appelyasiya məhkəməsi və digər məhkəmələr müdafiə etmirlər. Ən yaxşı halda Ali məhkəmə tələbənin hüquqlarını qoruyur, yenidən baxılması üçün appelyasiya məhkəməsinə göndərir, amma bu da heç bir nəticə vermir. Belə olan halda tələbə öz konstitusyon hüquqlarını müdafiə etmək üçün konstitusiya məhkəməsinə, orada da obyektiv nəticə çıxmasa Avropa məhkəməsinə müraciət edə bilər. Amma çox təəssüflər olsun ki, bu cür məsələlərin Avropa məhkəməsinə çıxması ölkəmizin beynəlxalq imicinə də sarsıdıcı zərbədir. Ölkə başçısı, eləcə də birinci vitse-prezident ölkəmizin xaricdə, Avropada layiqincə tanınması üçün əllərindən gələni edirlər, lakin bu kimi idarələr ölkəmizin beynəlxalq imicinə zərbə vurmaqda davam edir. Ümidvaram ki, yaxın gələcəkdə Nostrifikasiya və Akkreditasiya idarəsinin fəaliyyəti ilə bağlı ciddi işlər görüləcək".

BiG.Az-ın diplomu təsdiq edilməyən narazı tələbələrdən əldə etdiyi digər məlumata görə isə Təhsil Nazirliyini Bakı Apellyasiya məhkməsinə digər tellər də bağlayıb. Belə ki, Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Rasim Hüseynovun əmisi oğlu Hüseynov Mirpaşa Süleyman oğlu Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimidir.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etsək də zənglərimizə və sorğumuza cavab verilmədi.

Nazirliyin mövqeyini dərc etməyə hazırıq.

BAKU.WS