SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtın Yusif Səfərov küçəsində xüsusi avtobus zolağı salınıb. İctimai nəqliyyat vasitələrinin rahat şəkildə hərəkətini təmin edən bu xüsusi zolaq şəhər sakinlərini sevindirdi. Əslində bu cür xüsusi zolaqlar dünya təcrübəsində də var. Böyük şəhərlərdə ictimai nəqliyyatın fəaliyyətini təmin etmək məqsədi ilə xüsusi zolaqlardan illərdir istifadə olunur. Bakıda isə Yusif Səfərov küçəsindən başqa 8 küçə və prospektinin də layihələndirilməsi həyata keçirilir. 
 
Ancaq Yusif Səfərov küçəsində yeni salınan avtobus zolağı həmin ərazidə yerləşən obyekt sahiblərini çətin vəziyyətə salıb. BAKU.WS-in redaksiyasına müraciət edən obyekt sahibləri xüsusi avtobus zolaqlarının yaratdığı çətin vəziyyətdən gileylənir. Şəhərdə yetərincə parklanma üçün ərazinin olmaması, bununla yanaşı zolağa daxil olan nəqliyyat vasitələrinə tətbiq olunan cərimələr obyektlərin işini lap çətinə salıb. Bildiyiniz kimi xüsusi avtobus zolağında yol nişanının tələbinin pozulmasına görə 40 manat cərimə nəzərdə tutulur. Həmin zolaqda heç bir saniyə də dayanmaq və durmaq olmaz. Bu zolağa giriş-çıxış yalnız avtobus sürücüləri üçün nəzərdə tutulub. Belə olduğu halda sözügedən ərazidə yerləşən ictimai iyaşə obyektlərinə müştərilərin gediş-gəlişi imkansız hala çevrilir.
 

 

Yusif Səfərov küçəsində zolağa yaxın obyektlərə gələnlər avtomobilini 400-500 metr məsafədə hansısa binanın həyətində yer tapacağı təqdirdə saxlaya bilər. Əks halda daha uzaq bir ərazidə avtomobilini saxlamağa məcbur qalacaq. Əvvəllər sözügedən küçədə obyekt sahibləri müştərilə üçün parkinq xidməti təşkil edirdi. Yəni, müştəri hansısa restoranın qarşısında saxlayır və maşının açarını işçilərə təhvil verirdi. Müştərinin avtomobili yaxınlıqdakı parkinqlərdən birində saxlanılırdı. Ancaq indiki vəziyyətdə həmin zolaqda heç bir saniyə dayanmaq və durmaq da olmaz. Bu yaranmış vəziyyət obyekt sahiblərinin xeyli miqdarda ziyana getməsinə gətirib çıxarıb.
 
Sözügedən ərazidə yerləşən obyektlərdə onlarla insan çalışır. Hər hansı obyektin fəaliyyətini dayandırması işçilərin işsiz qalmasına gətirib çıxacaq. Beləliklə yüzlərlə insan öz çörəyindən olacaq. Bu isə indiki böhran şəraitində çətinliklə fəaliyyət göstərən obyekt sahiblərini, həmçinin orada çalışan işçiləri çox çətin vəziyyətə salır.   
 

 

Məsələ ilə bağlı BAKU.WS-in əməkdaşı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevdən münasibət öyrənib. Qurum rəsmisi bildirib ki, yol kənarında yerləşən hansısa obyekt varsa, onlar üçün müəyyən yerlərdə qırıq-qırıq xəttlə yol ayrılıb: "Parkinq yeri olmayan obyektlərə nəqliyyat vasitələrinin saxlanılması üçün icazə verilməyib. Ara küçələrinə giriş-çıxış üçün xətt ayrılıb. Yaxşı olar ki, obyektlərə gedən şəxslər avtomobillərini həmin küçələrdə yer tapıb saxlamalıdır. Obyekt sahibləri orada tikinti aparanda bu cür məsələləri əvvəldən fikirləşməli idi. Xüsusi avtobus zolaqlarında nəqliyyat vasitələrinin saxlanılması dayanma durma qaydalarının pozulmasına səbəb olur".
 
BAKU.WS