SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş plan çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində, yeni layihələndirilən avtomobil yollarında və yeni şəhər inkişaf ərazilərində velosipedlərin hərəkəti üçün zolaqların salınması və velosiped nəqliyyatı infrastrukturunun yaradılması nəzərdə tutulur.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş Planda 2027-ci ilədək ilkin olaraq şəhərin mərkəzi hissəsi üzrə uzunluğu təqribən 10 km velosiped zolağının təşkil edilməsi nəzərdə tutulur (yolun orta xətti ilə qəbul edildikdə təqribən 6 km).

Parklar və idman məkanlarında avtomobil yolları olmayan sahələrdə turizm və istirahət
məqsədli velosiped marşrutlarının yaradılması:

• xüsusi ərazilərdə istirahət məqsədilə təhlükəsiz velosiped sürmək üçün imkanların
yaradılması;
• geniş ictimaiyyətin velosipedi nəqliyyat vasitəsi kimi qəbul etməsi üçün təhlükəsiz və
nizamlanan mühitdə ilk effektiv addımların atılması.
Seçilmiş yaşayış ərazilərində velosiped infrastrukturunun inkişafı:
• velosiped nəqliyyatı ilə əlaqədar şəhər inkişaf prototipinin yaradılması.
Avtomobil yolları boyu velosiped marşrutları vasitəsilə velosiped nəqliyyatı uyğun
ərazilərin ilkin əlaqələndirilməsi:
• ilk əsas velosiped şəbəkəsinin yaradılması;
• turizm baxımından cəlbedici marşrutların (əlamətdar məkanların birləşdirilməsi)
yaradılması;
• velosiped nəqliyyatından gündəlik nəqliyyat vasitəsi kimi və istirahət (və turizm)
məqsədlərindən başqa digər məqsədlər üçün də istifadə olunması üçün şəraitin yaradılması.

2040-cı ilə qədər isə parklar, idman məkanları və buna bənzər mərkəzi ərazilər arasında avtomobil yolları boyu velosiped zolaqlarının çatışmayan hissələrinin tamamlanması nəzərdə tutulur:

• üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsinin yaradılması;
• funksional və əlçatan velosiped şəbəkəsinin yaradılması (müxtəlif istifadəçi qrupları
üçün cəlbedici olan);
• avtomobil yolları boyu uzanan velosiped zolaqlarının uzunluğunun/sayının artırılması
(velosipedçilərin məlumatlandırılması).

Mümkün yerlərdə avtomobil yolları boyu uzanan velosiped zolaqlarının genişləndirilməsi:

• turizm və istirahət məqsədli velosiped nəqliyyatı imkanlarının genişləndirilməsi;
• şəbəkə uzunluğunun artırılması (istifadəçilər üçün daha əlçatan və daha cəlbedici).
Yeni şəhər inkişafında velosiped yollarının planlaşdırılmasının tətbiqi:
• velosiped infrastrukturunun maksimal adaptasiyasının təmin edilməsi;
• velosiped infrastrukturu şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi;
• velosiped infrastrukturu baxımından əlverişli imkanlara malik yeni inkişaf əraziləri
vasitəsilə dördüncü dairəvi şəbəkənin yaradılmas.

Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə bildirilib ki, velosiped zolağınında avtobus zolağı kimi tələbi müvafiq yol nişanı ilə təchiz olunmaqla müəyyən edilir və bu, həmin tələbə riayət etmək üçün qanuni məsuliyyət formalaşdırır:

"Velosipedçi isə öz zolağı olan yerdə başqa zolaqla hərəkət edərsə, ona cərimə tətbiq oluna bilər. Çünki YHHQ-nun 46-cı maddəsində Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblərdə bütün anlayışlara açıq izah verilib.

Yəni velosipedçi öz zolağı ilə və ya sağ zolaqla, yolun çiyni ilə hərəkət etmirsə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulan hal var. Yəni Yol hərəkəti haqqında Qanunun 46-ci maddəsində olan tələbləri yerinə yetirmirsə, İXM-nin 338-ci maddəsinə uyğun olaraq barəsində 40 manat məbləğində inzibati tənbeh tədbiri seçilə bilər.

Velosiped zolağının standartı var və ora avtobus, maşın daxil ola bilməz. Velosiped zolağına digər yol-hərəkət iştirakçılarının daxil olmaması üçün mühafizə olunur. Həmin zolaq mühafizə olunmayıbsa belə, orada maşın saxlamaq və ya təyinatı olmayan şəxslərin daxil olması yol verilməzdir. Bu baş verərsə, dayanma-durma tələbinin pozulması və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. Velosiped zolağı olması ilə bağlı nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələri həmin əraziyə daxil ola bilməz. Bu, İXM-nin 327-ci maddənin 1-ci bəndinə əsasən, eynilə avtobus zolağında olduğu kimi, 40 manat cəriməsi olan haldır.

Moped velosiped zolağına daxil ola bilər. Yol hərəkəti haqqında Qanunun 46-cı maddəsində velosipedçilərlə mopedçilərin hüquqları bərabərdir. Motosiklet isə velosiped zolağına girə bilməz. Çünki motosikletlər mexaniki nəqliyyat vasitəsi kimi avtomobillərə bərabər hüquqlar daşıyır yəni onlar tam hüquqlu nəqliyyat vasitəsi hesab olunur”.

Orxan Hüseyn
BAKU.WS