SİZİN REKLAM BURADA!
055 213 76 73


1 dekabr “InMerge İnnovasiya Sammiti”nin ikinci və son günü baş tutub. Tədbirin açılışını “Tesla” şirkətinin qurucu ortaqlarından JB Straubel edib. O, təqdimatında Elon Musk ilə olan tanışlığından danışıb, eləcə də “Tesla” şirkətinin ilk günlərindən bu günə kimi olan hekayəni iştirakçılarla bölüşüb. 

Bir daha qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə baş tutan sammit aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiyayönümlü startapları Bakıda bir yerə toplamaq, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq, beləcə, Azərbaycanda və regionda innovasiya ekosisteminin formalaşmasını dəstəkləmək məqsədini daşıyır.

JB Straubel çıxışından sonra “Trendyol” şirkətlər qrupunun CEO-su Erdem İnan, “PAŞA Holdinq”in icraçı direktorunun müavini Fərid Məmmədov, “Shazam”ın qurucusu Chris Barton və “Uzum” şirkətinin COO-su Roman Lavrentev ilə səhnədə ağıllı ekosistemlərin gələcəyi haqqında müzakirələr edib. Chris Barton isə “Shazam”ı necə qurduğundan və digərlərinin də bu uğuru necə əldə edə biləcəyindən danışıb.

Bunlarla yanaşı, rəqəmsallaşma və elektron ticarət mövzusunda diskussiyalar və vörkşoplar keçirilib. Regionun müxtəlif ölkələrindən startaplar da öz ideyalarını təqdim ediblər. Tədbirin sonlarına doğru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startaplara mükafatlarını təqdim ediblər. “INBattle” startap müsabiqəsinin qalib startapı isə “PAŞA Holding”dən 15 min dollar dəyərində mükafat qazanıb.

Beləcə, Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən “InMerge” İnnovasiya Sammiti 3000 nəfərdən çox şəxsin iştirakı ilə başa çatıb.

BAKU.WS
QALEREYA