SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolu vətəndaşlar üçün məcburiyyət yox, seçim imkanıdır”.
 
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
 
“Ödənişsiz yollarda məsafə uzun və sürət həddi aşağı olur. Ödənişli yol isə vətəndaşların gedəcəyi yerə daha tez çatmasını təmin edəcək. İşləkliyi və yükdaşımalarda payı da nəzərə alınarsa, yeni yolun əhəmiyyəti xüsusi vurğulanmalıdır”, - deyə deputat qeyd edib.
 
V.Bayramov, həmçinin diqqətə çatdırıb ki, yeni avtomobil yolu qeyri-neft sektoru üzrə yükdaşımaların həcminin artmasına, bölgəmizdə turizm inkişafına da töhfə verəcək:
 
“Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarından çoxdur. Yeni tikilən yol bu ticarət dövriyyəsinin artımında, ərzaq və sənaye məhsullarının daşınmasında mühüm rol oynayacaq”.
Qeyd edək ki, Tarif Şurasının dünənki qərarına görə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
 
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
 
Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumların apardığı monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.
BAKU.WS