SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 ili tamam olur. O ordu ki, 3 il əvvəl işğala son qoydu, qəhrəmanlıq salnaməsini yazdı. Bu gün qalib ordumuz müstəqilliyimizin, suverenliyimizin əsas təminatıdır.

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Vətən müharibəsində tarixi zəfərə imza ataraq dünyada adından, gücündən söz etdirən müzəffər Azərbaycan Silahlı Qüvvələri 105 yaşını qeyd edir. 1918-ci il iyunun 26-da müsəlman Şərqində ilk demokratik cümhuriyyət quran Azərbaycan müstəqil ordusunun yaradılması haqqında qərar verdi. Bu illər ərzində Silahlı Qüvvələrimiz bir çox sınaqlardan keçdi, lakin 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ Müharibəsi ordumuzun əsl gücünü, imkanlarını, peşəkarlıq səviyyəsini ortaya qoydu.

Tarixi zəfərə aparan yol

Heç şübhəsiz, müstəqil Azərbaycan dövlətinin ordusunun yaradılması, sağlam ideya və təməl üzərində formalaşdırılması, şərəfli tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün nəticəsi olan müasir ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 30 il ərzində aparılan nəticəsiz danışıqlar müddətində ən böyük diqqət ordu quruculuğu prosesinə, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə, peşəkar kadr potensialının formalaşdırılmasına, müasir hərbi texnikaların alınmasına, struktur islahatlarına yönəldildi. Vətəninə, dövlətinə bağlılığı ilə seçilən çox güclü Silahlı Qüvvələr formalaşdırıldı. Bu prosesin məntiqi sonluğunu bütün dünya 44 günlük Vətən müharibəsində gördü. 30 il ərzində qurulan müdafiə xətləri çox qısa zamanda aşılaraq düşmənə sarsıdıcı zərbələr endirildi. Hərbi baxımdan ən çətin sayılan dağlıq ərazilərdə peşəkar hərbi əməliyyatlar təşkil olundu. Yüzlərlə yaşayış məntəqəmiz bir-birinin ardınca işğaldan azad edilərək Azərbaycanın, Qarabağın incisi sayılan Şuşaya yol açıldı. Qəhrəman hərbçilərimizin həyata keçirdiyi Şuşanın azad edilməsi əməliyyatı isə dünyanın müxtəlif hərb məktəblərinin dərsliklərinə salınıb, tədris edilir. Vətən müharibəsinin ilk saatlarından son anına qədər Silahlı Qüvvələrimizin heç bir mənsubu döyüş mövqelərindən bir addım da geri çəkilmədilər. Halbuki, darmadağın edilən “məğlubedilməz erməni ordusu”nda on bir mindən artıq fərarinin olduğunu İrəvanın özündə də etiraf etmək məcburiyyətində qaldılar. İkinci Qarabağ müharibəsi zamanı şanlı Ordumuzun dillərə dastan olan Zəfər salnaməsi xalqımızın Silahlı Qüvvələrinə, Ali Baş Komandana inam və sevgisini daha da artırdı.

Dünyanın ən güclü orduları sırasında

Bu gün Azərbaycan ordusunun gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də əksini tapır. Hərbi sahədə ixtisaslaşmış, dünyanın ən nüfuzlu hərbi analitik mərkəzlərindən sayılan “Global Firepower” portalının 2023-cü il üçün reytinq siyahısına əsasən, Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada, Cənubi Qafqazda isə birinci yerdədir. Belə ki, Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cüdür. Siyahının tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər nəzərə alınır.

Rekord hərbi büdcə

Hazırda Azərbaycanın hərbi büdcəsi MDB məkanında bir çox ölkələri xeyli üstələyir. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinin təsdiqindən sonra işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün əlavə 1 milyard 105 milyon manat vəsait ayrıldı. Bununla da 2023-cü ildə ölkəmizin müdafiə və təhlükəsizlik üzrə xərcləri 6 milyard 54 milyon 844 min 623 manat təşkil edir.

Yeni ordu quruculuğu

Təbii ki, Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin artırılmasında qardaş Türkiyənin özünəməxsus rolu var. Bu gün Azərbaycanı ordusunun maddi-texniki bazasının formalaşdırılmasında Türkiyə müdafiə sənayesinin imkanlarından geniş istifadə edilir. Dünyanın ən güclü orduları sırasında 10-cu, NATO-da isə 2-ci olan Türkiyə Silahlı Qüvvələri ilə birgə çoxsaylı hərbi təlimlər keçirilir, təcrübə mübadiləsi aparılır. Tək bir faktı qeyd etmək kifayətdir. Bu il iki ölkənin ordularının iştirakı ilə 16 hərbi təlimin keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusunun təcrübəsi və modeli əsasında yenidən qurulur. Yeni komando birlikləri yaradılır, xüsusi təyinatlı birləşmələrin sayı artırılır, institusional və struktur islahatları dərinləşdirilir. Dünyanın ən müasir hərb sənayesinə malik olan strateji müttəfiqimiz İsraillə müdafiə sahəsində əlaqələr daha da dərinləşdirilir, ordumuzun ehtiyacı olan və müasir çağırışlara cavab verən ən müasir hərbi texnikaların alışı həyata keçirilir. Vətən müharibəsində mənəvi və siyasi dəstəyini əsirgəməyən müsəlman dünyasında yeganə nüvə dövləti adını qazanmış Pakistanla da hərbi-texniki əməkdaşlıq imkanları genişləndirilir.

Xalq-lider-ordu birliyi

Ali Baş Komandan, Prezident İlham Əliyevin də Şuşada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk: “İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir”. Bəli, hər bir müstəqil dövlətin əsas dayağı güclü ordusu, Silahlı Qüvvələridir. Bu gün Azərbaycan sərhədləri etibarlı əllərdədir, dövlətimizə qarşı yarana biləcək istənilən təhdidə layiqli cavab verməyə qadir güclü ordumuz var. Ən əsası isə, cəmiyyətimizdə hökm sürən xalq-lider-ordu birliyi sarsılmazdır. Bu birlik Azərbaycan əsgərinin ən böyük inamı və dayağıdır.

BAKU.WS