SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlarda Elmi-Tədqiqat Kardiologiya İnstitutuna və institutun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq məqsədi ilə böhtan və işgüzar nüfuzu ləkələyən xarakterli müxtəlif intervyular və məqalələr sosial şəbəkələrdə yayımlanır.

8 may 2023-cü il tarixində informasiya saytlarında yerləşdirilmiş məqalə ilə bağlı bildiririk ki, məqalədə qeyd edilmiş məlumatlar tam yanlışdır.

Bunu BAKU.WS-ə açıqlamasında Elmi-Tədqiqat Kardiologiya İnstitunun İctimaiyyətlə əlaqələrin rəhbəri Nailə Mustafayeva deyib. O bildirib ki, son zamanlarda Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə heç bir işçinin əmək müqaviləsi ləğv edilməyib:

"Məqalədə adıçəkilən şəxslərlə bağlı bildiririk ki, həmin şəxslərlə əmək müqaviləsi onların öz ərizələrinə əsasən (öz təşəbbüsləri ilə) müxtəlif vaxtlarda ləğv edilib(2, 3 və 4 il əvvəl).

Məqalədə işçilərin Şuşa şəhərinə ezam edilmələri və bununla bağlı işçilərdən həmin günlərin maaşlarından imtina etmələri barədə sənədlərin imzalanması tələbinin olması ilə bağlı məlumat düzgün qeyd edilməyib. Çünki institut heç bir işçisini Şuşa şəhərinə ezam etməyib. Ola bilsin ki, hər hansı bir işçi könüllü olaraq Şuşa şəhəri və digər işğaldan azad olmuş ərazilərə könüllü gedib".

İnstitutun direktoru tərəfindən institutda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılar, direktora qarşı çıxan həkimlər, digər heyətin hüquq-mühafizə orqanı ilə hədlənməsi məsələsinə aydınlıq gətirərkən söyləyib ki, bu hal həqiqətə uyğun deyil:

"Belə ki, Miokard infarktı şöbəsində kiçik elmi işçi vəzifəsində işləyən Nurlana Rüstəmovanın informasiya saytında dərc edilmiş intervyusunda qeyd etdiyi məsələlərin həll edilməsi üçün müvafiq əmr ilə aidiyyəti şəxslərə tapşırıqlar verilib. Xatırladaq ki, N. Rüstəmova yuxarıda qeyd edilmiş intevyusunda institutun rəhbər heyətinin tapşırığına əsasən həkimlər müraciət edən xəstələrdən pul vəsaiti almaq məcburiyyətində olması qeyd edilib.

Bu məsələyə aydınlıq gətirmək üçün qeyd edilən əmrdə N. Rüstəmovadan belə bir tələbin hansı vəzifəli şəxs tərəfindən ona verildiyi barədə məlumatın verilməsi tələb edilib və bu məlumatların verilmədiyi halda hüquqi müstəvidə (yəni böhtan və işgüzar nifuzu ləkələyən məlumatın yayılmasına görə) məsələnin həll edilməsi aidiyyəti əməkdaşa tapşırılıb.

Buna əlavə olaraq institun bütün struktur bölmələrinin rəhbərlərindən tabeliklərində olan işçilərə hər hansı bir məbləğdə pul vəsaitinin xəstələrdən alınmasının qadağa olması barədə məlumatın təkrar olaraq işçilərin diqqətinə çatdırılması tapşırılıb. Eyni zamanda əmrdə aidiyyəti əməkdaşa vətəndaş məmnuniyyətinin artırılması üçün institut tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin ölçülməsi, habelə şəffalığın yaradılması məqsədi ilə xəstələrdən müvafiq sorğuların alınmasına könüllülərin cəlb edilməsi tapşırılıb".

İnstitutun girişində yaranan qarışıqlıqla bağlı məqama münasibət bildirilib ve qeyd olunub ki, instituta müraciət edən vətəndaş sayı kifayət qədər çoxdur:

"Növbəliliyin təmin edilməsi üçün institutun mühafizəsi növbənin tənzimlənməsinə, xəstə qəbulu və qeydiyyat məsələlərinə yardımçı olurlar".

İnstituta daxil olan xəstələrin müayinəsinin növü və müalicə metodları ilə bağlı iradlara isə mətbuat xidmətindən belə münasibət bildirilib:

"İnfarkt və ürək çatışmazlığı şikayəti ilə daxil olan xəstələrə tibbi yardımın göstərilməsi, standartlarının hazırlanması məsələsini institutun inzibati işlər gündəliyinə daxil edilməsi direktor tərəfindən aidiyyəti əməkdaşa tapşırılıb".

"Angioqrafiya göndərişləri məsələsinə gəldikdə bu işi xəstə xidmətləri şöbəsi icra edir və sığorta üzrə müqaviləsi olan bütün klinikalara göndərişlər rotasiya əsasında olur, tam şəffaflıqla həyata keçirilir. Daimi olaraq qeyd olunan göndərişlər Səhiyyə Nazirliyi və İTS-in nəzarətindədir".

***2023-05-08 16:32

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda daha bir neçə nəfərin işdən azad edildiyi məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə bakupost.az-a İnstitutdan bildiriblər.

Qeyd olunub ki, institutun işçiləri Dina Zotova, Elnarə Həmidova və himayəsində əlil-iflic övladı olan Mina Cavadova heç bir xəbərdarlıq və ciddi səbəb olmadan işdən çıxarılıblar.

Bundan başqa, bir müddət əvvəl Şuşaya ezam edilən 2 tibb bacısına ezamiyyətdə olduqları günlərin maaşından imtina etmələri barədə sənəd imzaladılıb.

Qeyd edək ki, son vaxtlar Kardiologiya İnstitutunda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılar, həmçinin burada çalışan müxtəlif alimlərin müsahibələri direktorun keçirdiyi son iclaslarda ciddi müzakirə edilib.

İddialara görə, direktora qarşı çıxan həkimlər, eləcə də mətbuata açıqlama verən professorlara hüquq-mühafizə orqanları ilə hədə-qorxu gəlinib:

“Mayın 2-də səhər saatlarında keçirilən iclasa direktor Gülnaz Dadaşova yarım saat gecikdi. Bu azmış kimi direktor onu akt zalında gözləyən elmi işçi heyətinə özünə yaxın şöbə müdirləri vasitəsilə ultimatum göndərmişdi. Bildirmişdi ki, hüquq-mühafizə orqanlarına müraciət edib, institutda baş verənlər barədə danışan şəxsləri cəzalandıracaq”.

O da qeyd olunub ki, şəhərdə əsas kardioloji mərkəz sayılan institutun qapısında hər səhər tragikomediya yaşanır:

“Qapıya nəzakət nədir bilməyən, kobud, mədəniyyətdən uzaq işçilər qoyulur. Orada dayanan bu işçilərdən biri olan qadın səhər işə 3-5 dəqiqə gecikən həkimlərə qarşı qeyri-etik davranır, hədyanlar deyir, qəsdən onları mübahisəyə cəlb edərək qalmaqal yaradır və sonra bunu direktora məruzə edir. Həmin xanım institutun həyətində sevgilisi tərəfindən döyüldükdən sonra işdən uzaqlaşdırıldı. Amma inzibati şöbə vasitəsilə işçilərin daim təzyiq altında, gərginlikdə saxlanılması davam etdirilir.

Əgər həkimlərə hansısa arayış, direktorun təsdiq edəcəyi sənəd lazımdırsa, bu məsələ də günlərlə uzadılır. Sənədə yalnız iş gününün son saatlarında imza qoyulur, bu da insanlarda əlavə psixoloji gərginlik yaradır və narazılığa səbəb olur”.

İnstitutda müalicə alan xəstələr isə direktorun icbari tibbi sığorta ilə və ya sığortasız bütün angioqrafiya olunacaq xəstələri “Kəpəz” klinikasına, “Ege” hospitalına və Mərkəzi Klinikaya “otkat” sistemi ilə yönəltdiyini bildiriblər:

“Həmin xəstələrin 90 faizi elə bu klinikalarda anju, stentləmə, şuntlama əməliyyatlarına salınır. Onlara mütləq və təcili əməliyyat lazım olduğu deyilir. Beləliklə, həm tibbi sığorta fondundan külli miqdarda vəsait cəlb olunur, həm də bu xidmətlərinə görə Kardiologiya İnstitutuna “xüsusi hörmət” və təşəkkür edilir”.

Qeyd edək ki, elmi kollektiv rəhbərliyin fəaliyyətindən narazı olduğu üçün bu yaxınlarda Səhiyyə Nazirliyindən göndərilən komissiya institutda bir həftədən artıq müddətdə yoxlamalar aparıb.

Yoxlamalar zamanı komissiyanın direktorun lüks palataları imkanlı xəstələrə pulla verdiyinə dair mətbuatda yer alan iddiaları araşdırdığı da qeyd olunur.

Səhiyyə Nazirliyindən C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalar aparıldığını təsdiqləsələr də, nəticələr barədə məlumat verməkdən imtina ediblər. Nazirlikdən sorğuya göndərilən cavab məktubunda yalnız bunlar qeyd olunub:

“Nazirliyin tabeliyində olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış daxili monitorinqlər keçirilir. Adıçəkilən müəssisədə aparılan monitorinqlər bu tədbirlər çərçivəsində həyata keçirilib”.

BAKU.WS