SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür.

BAKU.WS xəbər verir ki, hər il martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd edilir. 

İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır. Onların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Bu problemlərdən ən çox əziyyət çəkən isə istehlakçılardır.

Ümumdünya İstehlakçılar İttifaqı müstəqil, qeyri-kommersiya, gəlirsiz, qeyri-siyasi təşkilat kimi 1961-ci ildə Niderlandda qeydiyyatdan keçmişdir. Bu təşkilat özündə 72 ölkədən istehlakçıların hüquqları problemləri ilə məşğul olan 180 ictimai və dövlət təşkilatını birləşdirir.

Keyfiyyət sahəsində yaranmış bu kimi məsələlərin həllinin vacibliyini və istehlakçıların narazılıqlarını ölkə qarşısında vacib bir problem kimi qəbul edən ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək bu günü Dünya İstehlakçılar Günü elan edib. Kennedi deyib:

"İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında həlledici rol oynayırlar".

İstehlakçıların Hüquqlarının Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub.

Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın əsasını ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da qəbul edilmiş "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar təşkil edir. Bu qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Yeni qurumun qarşısında inhisarçılığın qarşısının alınması, haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələr qoyulub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Dövlət Xidmətinin əsas missiyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən azad rəqabətin və sahibkarlığın effektiv müdafiəsinin təmin olumasına şərait yaradılmasıdır. Dövlət Xidməti Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, habelə digər sahəvi qanunlarına əsasən istehlakçıların sərbəst seçim, keyfiyyətli və təhlükəsiz mal, iş və xidmətlər əldə etmək, məlumat almaq və digər hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması, bazara keyfiyyətsiz, təhlükəli malların çıxarılmasının qarşısının alınması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görür, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Bununla əlaqədar, yararlılıq müddəti ötmüş, satışı qadağan olunmuş, saxta, mənşəyi məlum olmayan, istifadəyə yararsız, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli malların (işlərin,xidmətlərin), əmtəə partiyalarının satışının dayandırılması, satışdan (dövriyyədən) çıxarılması ilə bağlı tədbirlər görür.

Respublikamızda istehsal edilən, habelə idxal edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, Azərbaycan dilində də yazılmalıdır. Müştərilər istənilən mal alarkən və ya pullu xidmət növlərindən istifadə edərkən istehlakçı qismində çıxış edirlər. İstehlakçı aldığı məhsulun ona göstərilən xidmətin keyfiyyətli olmasında maraqlıdır ki, bu da istehlakçının keyfiyyət hüququdur. İstehlakçının tələbi ilə satıcı (istehsalçı, icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri ona təqdim etməyə borcludur. İstehsalçı və satıcı malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir.

Bu gün istehlak bazarında satılan malların, görülən iş və göstərilən xidmətlərin keyfiyyət və təhlükəsizliyi ilə bağlı bir sıra müsbət dəyişikliklər müşahidə olunur. Aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolu əhəmiyyətli dərəcədə artıb.

BAKU.WS