SİZİN REKLAM BURADA!
055 213 76 73


"Dünyanın aparıcı ölkələrinin kriminoloqları, əməliyyat-istintaq prosesində uzun müddətdir işləyən təcrübəli əməkdaşları da etiraf edir ki, cinayət törətmiş şəxslərin işsizliyi səbəb kimi araşdırıla bilər. Tamah motivi ilə baş vermiş cinayətlərin müəyyən qismi sosial-iqtisadi problemlərlə əlaqədar olur".

BAKU.WS xəbər verir ki, bu fikirləri Musavat.com-a keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyev bildirib.

O, qeyd edib ki, cinayət törətmiş şəxsin xarakteri, dünyagörüşü, tərbiyəsi və s. də rol oynayır: "Əvvəllər məhkum olunmuş şəxslərin iş tapması SSRİ dövründə də problem idi. O zaman əmək kitabçasında müəyyən müddətlik boşluq var idisə, araşdırma aparılırdı, şəxsin məhkumluğu aşkara çıxarılardısa, işlə təmin olunmurdu. Müstəqillik dövründə isə yüzlərlə özəl müəssisə yaradılıb.

Hesab edirəm ki, özəl şirkətlərin rəhbərliyi insaflılıq nümayiş etdirib məhkumluğu olan şəxslərə şans verə bilər. Dövlət müəssisələrinə isə bu birmənalı şəkildə mümkün deyil. İşsiz şəxsin iradəsi zəifdirsə, hissiyyata qapılırsa, psixoloji durumu gərginləşir, depressiyaya düşür. Bu da şəxsi səhvlərə açıq vəziyyətə gətirir".

Sosioloq Rəşad Əsgərov disə bildirdi ki, cinayət törətmiş şəxslərin 72,8 faizinin heç yerdə işləməyən və oxumayanlar olması faktı təəssüf doğurur. Ekspert dünya təcrübəsində eyni növ cinayəti təkrar törədənlərin əksəriyyət təşkil etdiyini bildirdi: "Dünya təcrübəsində də cinayət törədənlərin statistikasında işsizlər daha çoxdur. Məşğulluq hər baxımdan faydalıdır. Günəmuzd və yaxud daimi işlə təmin olunan şəxslər dövlət müəssisəsində 8 saat, özəl şirkətlərdə isə 10 saat işlədikdə cinayət haqqında düşünməyə səbəbi, vaxtı olmur. Həyat tərzi xüsusi rejimdə olduğu üçün istirahət günlərində də zaman səmərəli dəyərləndiriləcək".

Ekspert qeyd etdi ki, təhsilin, hər hansı peşə bacarıqlarının olmaması da cinayətə meyllilik yaradır: "Vəziyyəti tənzimləmək üçün müxtəlif ölkələrin təcrübələrindən istifadə etmək olar. Adətən hər hansı problem haqqında danışarkən yalnız nəticə müzakirə olunur. Yaxşı olar ki, səbəblər araşdırılsın və onların aradan qaldırılması istiqamətində müəyyən addımlar atılsın. Xüsusilə, ictimai iştirakçılığın artırılması faydalı ola bilər. İşsiz şəxsləri əgər yoxdursa, təhsilə, peşələrə cəlb etmək olar, könüllülük hərəkatlarında, müvəqqəti də olsa, az maaşla da olsa, işlə təmin etmək olar. Azadlığa buraxılan şəxslərin məşğulluq qurumlarında qeydiyyata alınması, gənclərin istehsalat düşərgələrinə cəlb olunması və s. yollarla vəziyyətdə müəyyən qədər dönüş yaratmaq olar. Bu proseslər QHT, dövlət qurumları, ictimai qurumlar koordinasiyalı əməkdaşlıq ilə müəyyən işlər görməlidirlər".

Xatırladaq ki, 2022-ci ildə ölkədə qeydə alınmış 36494 cinayət hadisəsinin 10665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur. Dövlət Statistika Komitəsindən ((DSK) verilən məlumatda bildirilib ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8587 şəxs müəyyən edilib ki, onların da 34,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib.

Cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,0 faizi 18-24 yaşlı, 16,7 faizi 25-29 yaşlı gənclər, 76,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Bununla yanaşı, 2022-ci il ərzində sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 2017 nəfər inzibati məsuliyyətə cəlb olunmuşdur ki, bu da əvvəlki ilin göstəricisindən 29,8 faiz çoxdur.

BAKU.WS