SİZİN REKLAM BURADA!
055 213 76 73


İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş yenidən araşdırılır.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil Samir Zeynalov bildirib ki, ailəsi Səmayənin intihar etməsi ilə bağlı başlanmış cinayət işinin yenidən Sabirabad Rayon Prokurorluğunda araşdırılmasını istəmir.

Bununla bağlı olaraq mərhumun anası Dilarə Əkbərova Baş prokuror Kamran Əliyevə müraciət edib.

Ana işin yenidən eyni idarədə araşdırılmasının məntiqəuyğun olmadığını deyib:

“Rayon prokurorluğunun qızımın “nar ağacından” özünü asmasını və buna səbəb kimi heç bir dəlil göstərilmədən depressiyada olduğu qənaətini müdafiə etməsi hüquqi məntiqə və cinayət işinin araşdırmadan uzaq qalan faktiki hallarına zidd olub.

Bu baxımdan istisna etmirəm ki, rayon prokurorluğunun vəzifəli şəxsləri sözügedən qanunsuz və əsassız qərarın qəbuluna bilərəkdən təşəbbüs göstəriblər. Və bununla da həqiqətin ört-basdır edilməsində maraqlı olublar.

Ona görə ki, qızımın ölümünün qeyri-aşkar şəraitdə edilmiş qəsd nəticəsində reallaşmasına dəlalət edən kifayət qədər dəlillər aşkar mövcudiyyəti və bəsitliyi ilə rayon prokurorluğuna məlum olub. Məhz rayon prokurorluğunun qeyd etdiyim qərarından ilhamlanan qızımın qayınanası Əfiqə Zeynalova, qayınatası Əlişirin Zeynalov, həyat yoldaşı Eldar Zeynalov, eləcə də onlara qohumluq baxımından yaxın olan digər şəxslər qızımın barəsində rayonda rüsvayedici şayiələr yayıb, bununla da mənə və ailəmə sözlə ifadə edilməsi çətin olan mənəvi sarsıntılar yaşadıblar.

Rayon prokurorluğunun baiskarlığı sayəsində yaşanan bu dözülməz halların müqabilində isə qızımın ölümü ilə bağlı araşdırmanın yenidən Sabirabad Rayon Prokurorluğunda aparılmasına dözümlü yanaşıb razı ola bilmərəm.

Çünki qeyd edilən hallara əsasən həqiqətin ört-basdır edilməsində maraqlı olan Sabirabad Rayon Prokurorluğu bu iş üzrə ədaləti, həqiqəti və obyektivliyi təmin etmək təşəbbüsündə ola bilməz”.

Mərhumun ailəsi Zeynalova Səmayə Xalid qızının ölüm faktı ilə bağlı başlanılmış cinayət üzrə icraatın Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilməsini xahiş edib.

Qeyd edək ki, ötən ay Sabirabad Rayon Prokurorluğunun cinayət işinə xitam xitam verilməsi ilə bağlı qərar məhkəmə tərəfindən ləğv edilib.

Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan iş yenidən icraata götürülüb və Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

S.Zeynalovanın ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum gününü təmtəraqlı şəkildə qeyd edib.

Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb.

Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.

Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu, Cavad kəndində vəfat edib.

BAKU.WS
QALEREYA