SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunda 1927-ci ildə sakinlərin istifadəsinə verilən tarixi hamam baxımsızlıqdan bərbad vəziyyətə düşüb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Report-un Muğan bürosuna müraciət edən rayon sakinləri abidənin məhv olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Yerli əhəmiyyətli daşınmaz memarlıq abidələrinə aid olan bu tarixi incinin bir neçə ildən sonra 100 yaşı tamam olacaq. Amma tarixi keçmişi bu günə qədər yaşadan və qorunan tikililər siyahısına əlavə edilən abidə baxımsızlıqdan bərbad vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, abidənin baxımsız vəziyyətdə qalması divarlarında çatların əmələ gəlməsinə və bu çatların tədricən genişlənməsinə səbəb olub.

Sakinlər deyir ki, iki iri günbəzdən ibarət olan hamam rayonda ilk kanalizasiya sistemi olan tikilidir. Vaxtilə burada saxsı borularla divarda və yerdə xüsusi kanalizasiya sistemi işlənilib: "Yaşlı nəslin nümayəndələri həmişə danışırdılar ki, bir yük odunla səhərdən axşama qədər hamamın həm içi, həm də suyu qızırmış".

Hamam kimi fəaliyyətini dayandırdıqdan sonra buradan müxtəlif təyinatlar üzrə istifadə olunub. Bu tarixi məkan 2008-ci ilə kimi isə çörək bişirmə sexi kimi fəaliyyət göstərib. "Lakin tikilidə indiyə qədər heç bir əsaslı təmir işləri aparılmadığından hamamın divarlarında çatlar yaranıb. Az qala bir əsr yaşı olan tarixi abidəmiz baxımsızlıq ucbatından elə tarixə qovuşmaq ərəfəsindədir. Biz də istəyirik ki, bura təmir olunsun və qorunsun", - sakinlər qeyd ediblər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli "Report"un yerli bürosunun sorğusuna cavabında bildirib ki, sözügedən hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır.

Onun sözlərinə görə, Dövlət Xidməti tərəfindən hamamın qorunması və bərpa olunaraq yenidən istifadə olunması istiqamətində kompleks tədbirlərin görülməsi nəzərdə tutulur.

Qurumun rəsmisi bildirib ki, hamamın bərpaya ehtiyacı var və bərpa olunması üçün investisiya planına daxil edilib: "Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu hamamın da investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır".

Qeyd edək ki, Cəlilabad rayonunda rəsmi şəkildə 53, yerli tarixçilər tərəfindən isə 100-ə yaxın tarixi abidə qeydə alınıb. Abidələrin ikisi dünya, digərləri respublika və yerli əhəmiyyətlidir.

BAKU.WS
QALEREYA